Xaricdə istifadə olunacaq sənədlərə apostilin verilməsi qaydaları açıqlanıb – RƏSMİ

Xarici dövlətlərdə istifadə olunacaq rəsmi sənədlərin hüquqi qüvvəsinin tanınması üçün tətbiq edilən apostil prosedurunun detalları məlum olub.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu prosedur 1961-ci il tarixli "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya (Haaqa Konvensiyası) əsaslanır.

Azərbaycan bu Konvensiyaya 2004-cü il martın 5-də qoşulub və sənəd ölkəmiz üçün 2005-ci il martın 2-dən qüvvəyə minib. Prosedur üzv ölkələr arasında sənədlərin leqallaşdırılması prosesini sadələşdirmək məqsədi daşıyır.

Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Bu, sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutan birpilləli prosedurdur.

Ədliyyə Nazirliyi hansı sənədlərə apostil verir?

Nazirlikdən verilən məlumata görə, qurum tərəfindən aşağıdakı sənədlərə apostil verilir:

Məhkəmə, prokurorluq və ədliyyə orqanlarının sənədlərinə;

Notariat qaydasında təsdiq edilmiş sənədlərə;

Vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlərə.

Haaqa Konvensiyasının şamil edilmədiyi sənədlər

Konvensiyanın tələbləri bəzi sənədlərə tətbiq edilmir:

Diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə;

Kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə.

Təqdimetmə qaydaları və icra müddətləri

Apostilin verilməsi üçün sənədlər bilavasitə sənəd sahibi tərəfindən, notariat ofisləri vasitəsilə və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim oluna bilər.

Sənədlər 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Lakin sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda bu müddət 5 gün və ya daha artıq müddətə uzadıla bilər.

Sənədlərlə bağlı əsas tələblər və qadağalar

Düzgün tərtib olunmamış sənədlərə apostil verilmir. Vətəndaşlar sənədləri təqdim edərkən aşağıdakı qaydalara diqqət yetirməlidirlər:

Təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.

Apostil sənədin mətn olmayan hissəsinə, onun arxa tərəfinə və ya ayrıca vərəqdə verilir. Prosedur apostilin tərtib edilərək sənədə yapışdırılması və üzərinə Ədliyyə Nazirliyinin möhürünün vurulması yolu ilə həyata keçirilir.

Apostil blankının kserosurət çıxarma üsulu ile hazırlanmasına yol verilmir.

Dövlət rüsumu

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sənədlərə apostil verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31