2 saatda 225 litr qan yığıldı

Aşura Günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.

Milli.Az xəbər verir ki, 25 iyun 2026-cı il tarixində səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstərirlər.
Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.
Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31