“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin üçüncü təlimi
13:50 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
Layihənin üçüncü dərsi "Microsoft Word əsasları" mövzusuna həsr edilib. Bu dərsin əsas məqsədi yeniyetmələrə mətn proqramlarından istifadə qaydalarını öyrətmək, onların kompüter savadlılığını artırmaq və sənədlərlə işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.
Təlim zamanı yeniyetmələr Microsoft Word proqramının əsas funksiyaları ilə tanış olublar. Onlara proqramın interfeysi, yeni sənədin yaradılması, mətnin yazılması və redaktə olunması, şriftlərin ölçüsü və görnüşünün dəyişdirilməsi, mətnin rənglənməsi, başlıqların hazırlanması, abzasların tənzimlənməsi və səhifə parametrlərinin qurulması barədə ətraflı məlumat verilib. Eyni zamanda, sənədlərin yaddaşa verilməsi, yenidən açılması və çap üçün hazırlanması qaydaları da izah olunub.
Dərs zamanı uşaqlar özləri müxtəlif mətnlər hazırlayıb, sənədlərdə dəyişikliklər edərək öyrəndikləri bilikləri tətbiq etmək imkanı qazanıblar. Təlimçi tərəfindən onlara sadə ərizə, təbrik mətni və qısa məlumat xarakterli sənədlərin hazırlanması üzrə tapşırıqlar verilib. Yeniyetmələr böyük maraq və həvəslə tapşırıqları yerinə yetirərək Microsoft Word proqramının gündəlik həyatda və təhsil prosesində nə qədər faydalı olduğunu yaxından müşahidə ediblər.
Microsoft Word proqramından istifadə bacarığı müasir dövrdə hər bir insan üçün vacib rəqəmsal kompetensiyalardan biridir. Təhsil, iş həyatı və gündəlik fəaliyyət zamanı müxtəlif sənədlərin hazırlanması zərurəti bu proqramın öyrənilməsini daha da aktuallaşdırır. Erkən yaşlardan bu biliklərin mənimsənilməsi uşaqların gələcəkdə daha müstəqil və peşəkar fəaliyyət göstərmələrinə, informasiya texnologiyalarından səmərəli istifadə etmələrinə və əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya olunmalarına mühüm töhfə verir.
Təlim iştirakçıları dərs boyunca fəallıq nümayiş etdirərək yeni biliklərə yiyələnməkdən məmnun olduqlarını bildiriblər. Onlar proqram vasitəsilə müxtəlif mətnlərin hazırlanmasının maraqlı və faydalı olduğunu qeyd edərək növbəti dərsləri səbirsizliklə gözlədiklərini ifadə ediblər.
Layihə çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün "Qızıl Əllər" Tədris Mərkəzində kompüterin müxtəlif mövzularında təlim və praktiki məşğələlər keçirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.

