500 min sənədsiz evə ümid yarandı: Çıxarış almaq daha asan ola bilər!
12:09 Sosial"Əmlakın qiymətləndirilməsi prosesi qarşıya qoyulan tapşırıqdan asılıdır. Fərdi yaşayış evi 2 komponentdən ibarədir: tikili və həyətyanı sahə. Əgər qiymətləndiricinin qarşısına bütövlükdə fərdi yaşayış evinin qiymətləndirilməsi tapşırığı qoyulubsa, bu zaman hər iki komponent qiymətləndirilir. Amma ayrı-ayrılıqda torpağın yaxud tikilinin qiymətləndirilməsi tapşırlıbsa, bu zaman hər ikisi ayrı-ayrılıqda qiymətləndirilməyə cəlb edilir".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, mülkiyyətçi sadəcə öz əmlakının bazar dəyərini müəyyən edirsə, bu zaman hüquqi sənədlər yox, faktiki ölçülər nəzərə alınır:
"Bu, qiymətləndirmənin məqsədindən asılıdır. Söhbət fərdi yaşayış evinin alqı-satqısından gedirsə və sənədlər təkcə torpaq sahəsini yox, bütövlükdə fərdi yaşayış evini əks etdirirsə, qiymətləndirici hökmən həm tikilini, həm də torpaq sahəsini qiymətləndirməlidir.
Əgər Daşınmaz Əmlakın Dövlət Reyestri ancaq torpağa çıxarış veribsə, yaxud torpaq sahəsini mülkiyyətdə göstərməyib yalnız tikiliyə çıxarış təqdim edibsə, bu zaman alqı-satqı zamanı məhz sənəddə əks olunan sahələr qiymətləndirilməlidir. Digər tərəfdən, mülkiyyətçi sadəcə öz əmlakının bazar dəyərini müəyyən edirsə, bu zaman hüquqi sənədlər yox, faktiki ölçülər nəzərə alınır".
Ekspert vurğulayıb ki, daşınmaz əmlakın qiymətləndirilməsi zamanı əşyalar nəzərə alınmır:
"Qiymətləndirmənin adı daşınmaz əmlakın qiymətləndirilməsidir. Qiymətləndirici əgər hər hansı bir mənzildə qiymətləndirmə işi aparırsa, bu zaman daşınan əmlaklar nəzərə alınmır. Çünki həmin əşyalar daşınan əşyalardır. Onlar daşınmaz əmlakın tərkib hissəsi kimi qəbul olunmur. Amma təmir daşınmaz əmlakla bərabər onun dəyərini özündə əks etdirir. Yəni qiymətləndirmə prosesində təmirə görə fərqlər ola bilər".
V.Oruc əlavə edib ki, bu məsələni minimal ödənişlərlə həll etmək lazımdır:
"Biz əvvəllər bir neçə dəfə sənədsiz əmlaklara çıxarışın verilməsi məsələsi ilə bağlı dəfələrlə təkliflərimizi səsləndirmişik. Deputat Kamal Cəfərovun parlamentdəki təklifi də təqdirəlayiqdir. Hazırda dövlət xərclərinin optimallaşması və dövlət büdcəsinin qənaət rejiminə keçməsi dövründəyik. Kamal Cəfərovun təklifinin həm dövlət büdcəsinə, həm də vətəndaşların əmlaklarının sənədləşdirmə varinatı kimi müsbət tərəfləri var. Amma burada 1 sosial məsələ var. Hər hansı bir təklifi verəndə ilk növbədə əhalinin sosial durumunu nəzərə almaq lazımdır. Elə ailələr ola bilər ki, 3 faizlik rüsumu ödəməkdə çətinlik çəksinlər. Məsələn, sizin də, mənim də evimimiz var. Siz hüquqi proseduru keçmək üçün tələb olunan məbləği vermək imkanına maliksiniz, mən isə məhrumam. Bəs mənim hüquqlarım necə olacaq? Ona görə də, bu məsələni minimal ödənişlərlə həll etmək lazımdır. Əsas məqsəd qeydiyyatdan sonrakı mərhələdə həmin prosesin ölkə iqtisadiyyatına hansı töhfələrinin olmasıdır. Vətəndaş evinə çıxarış alandan sonra kredit ala bilər, evlə bağlıq alqı-satqı prosesini həyata keçirə bilər və miras kimi qoya bilər. Ölkə iqtisadiyyatına töhfə məhz mülkiyyət əldə edildikdən sonrakı dövrə təsadüf edəcək".
Qeyd edək ki, Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanda sənədsiz evlərlə bağlı amnistiya elan olunmasını və xüsusi proqram qəbul edilməsini təklif edib. Deputat bildirib ki, hazırda ölkədə 500 mindən çox sənədsiz ev var və problemin həlli üçün sistemli yanaşmaya ehtiyac duyulur. Kamal Cəfərov Türkiyədə 2018-ci ildə tətbiq edilən "İmar Barışı" proqramını nümunə göstərib. Onun sözlərinə görə, həmin proqram çərçivəsində milyonlarla sənədsiz evə çıxarış verilib. Deputat təklif edib ki, Azərbaycanda da nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, riskli və strateji ərazilərdə yerləşən, eləcə də mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilsin.