Dövlət idarəçiliyinin səmərəli təşkili məhz dövlət qulluqçularının fədakar əməyi sayəsində mümkün olur- ÖZƏL
10:35 Sosial"23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə işini vicdanla və böyük məsuliyyətlə yerinə yetirən bütün dövlət qulluqçularını səmimi-qəlbdən təbrik edirəm. Dövlət qulluğu cəmiyyətə xidmətin, məsuliyyətin, şəffaflığın və peşəkarlığın təcəssümüdür. Dövlət idarəçiliyinin səmərəli təşkili, vətəndaş məmnunluğunun təmin edilməsi, həyata keçirilən islahatların uğurla icrası və ölkəmizin davamlı inkişafı məhz dövlət qulluqçularının fədakar əməyi sayəsində mümkün olur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik ənənələri dövlət qulluğu sisteminin formalaşmasında mühüm rol oynamışdır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət idarəçiliyinin müasirləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, şəffaflığın və vətəndaş yönümlü idarəetmənin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar dövlət qulluğunun inkişafına mühüm töhfələr verməkdədir.
Əminəm ki, dövlət qulluqçuları bundan sonra da ölkəmizin inkişafı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və vətəndaşlara layiqli xidmət göstərilməsi naminə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirəcəklər.Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularına möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və ailə səadəti arzulayıram".