Şuşada “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilib- ÖZƏL

Şuşa Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı, YAP Şuşa Rayon Təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşlarının, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Rayon Komissiyasının, Uşaq hüquqlarının müdafiəsi üzrə Rayon Komissiyasının üzvlərinin və Şuşa Humanitar Kollecinin tələbələrinin iştirakı ilə Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında "26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" adlı tədbir keçirilib. "Olaylar" xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayonu üzrə mədəniyyət müəssisələri üzrə baş məsləhətçi vəzifəsini müvəqqəti icra edən Anar Cəbizadə açaraq narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən danışmış, bu zərərli vərdişə qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd etmişdir. O, gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsinin, onların asudə vaxtlarının səmərəli təşkilinin və maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra Şuşa Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin direktoru Gülsarə Abbasova Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov, YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Zeybək Cəfərov mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, narkomaniya bəşəriyyətin üzləşdiyi ən ciddi sosial problemlərdən biridir və onun yaratdığı fəsadlar insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətin inkişafına mənfi təsir göstərir. Bildirilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və istifadəsinə qarşı mübarizə sahəsində ölkəmizdə ardıcıl tədbirlər həyata keçirilir, gənclərin sağlam həyat tərzinə təşviqi istiqamətində mühüm layihələr reallaşdırılır.
Vurğulanmışdır ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və sağlam ruhda formalaşması üçün maarifləndirmə işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizədə dövlət qurumları, təhsil müəssisələri, ailə və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini qeyd etmiş, sağlam həyat tərzinin təbliğinin gələcək nəsillərin təhlükəsiz və firavan inkişafına mühüm töhfə verdiyini bildirmişlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, narkomaniyanın zərərli təsirləri və sağlam həyat tərzinin üstünlükləri barədə maarifləndirici söhbətlər aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31