"Şuşa Bəyannaməsi – 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası" mövzusunda tədbir keçirilib
16:24 Sosial"Müasir İnkişaf" İctimai Birliyi "Şuşa Bəyannaməsi - 5 il: Regionun yeni təhlükəsizlik arxitekturası" mövzusunda onlayn tədbir təşkil edib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, partiya sədrləri, xaricdə yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri, alimlər, ictimai-siyasi xadimlər, politoloq və siyasi şərhçilər, jurnalistlər, gənclər və s. şəxslər iştirak ediblər.
Tədbir giriş sözü ilə açan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, BDU-nun müəllimi Mübariz Göyüşlü bildirib ki, 15 iyun Azərbaycan xalqının yadddaşında Qurutuluş günü və Şuşa Bəyannaməsi kimi mühüm sənədlərin imzalanması tarixi kimi qalmaqdadır. Onun sözlərinə görə Bəyannamənin imzalanması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə nəticələndi. O, bu konfransı təşkil etməkdə əsas məqsədin ildönümlərini qeyd etmək, xüsusən də Şuşa Bəyannaməsinin mahiyyəti, müddəalarda əks olunan məqamlarla bağlı yenidən müzakirə təşkil etmək olduğunu vurğulayıb. M.Göyüşlü bildirib ki, Azərbaycanla Türkiyə arasında hər zaman önəmli sənədlər imzalanıb, amma Şuşa Bəyannaməsi təhlükəsizlik və digər məqamların daha dolğun, daha qabarıq əks olunduğu çox önəmli bir anlaşma mətnidir. O, eyni zamanda türk dövlətləri arasında imzalanmış Qarabağ Bəyannaməsindən də bəhs edib.
Millət vəkili, professor Vüqar Rəhimzadə tədbir iştirakçılarını Şuşadan salamlayaraq Bəyannamənin siyasi, iqtisadi, təhlükəsizlik baxımından əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə sənəd regionda və dünyada sabitliyin əldə olunması baxımından mühüm rola malikdir. Deputatın dediyinə görə sənəd yalnız Azərbaycan-Türkiyə deyil, bütövlükdə türk ölkələri arasında münasibətlərin möhkəmlənməsinə təsir edir. V.Rəhimzadə türk birliyinin güclənməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyətindən də bəhs edib. Onun dediyinə görə gələcək perspektivdə istər Şuşa Bəyannaməsi, istərsə də digər imzalanmış sənədlər Azərbaycanın, türk dünyasının birliyində çox ciddi birliyə səbəb olacaq.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, əcdadlarımızın Qarabağın azad olması, Azərbaycanın müstəqil, suveren ölkə olması arzusu gerçəkləşib. Türk Dünyasının birliynə qarşı çıxanlardan danışan millət vəkili bu baxımdan birliyin bizlər üçün çox vacib olduğunu qeyd edib. O, Azərbaycanla Türkiyənin bir-birinə təmənnasız dəstəyindən də geniş bəhs edib. Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəməyən çoxsaylı dövlətlərin mövzud olduğunu deyən C.Məmmədov Şuşa Bəyannaməsindən sonra regionda güc balansının dəyişdiyini açıqladı: "Bu sənəd Azərbaycana qarşı həyata keçirilən hücumların qarşısının alınmasında mühüm rol oynadı".
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta çıxışında Şuşa Bəyannaməsinin əhəmiyyətindən, regionda və dünyada, sülhə, sabitliyə verdiyi töhfədən danışıb. M.Oyta regionda sabitliyi pozmaq istəyən ölkələrdən, qüvvələrdən danışaraq, Azərbaycan-Türkiyə birliyinin bu problemlərin həllində ciddi rol oynadığını qeyd edib. Çıxışçı 55 milyon azərbaycanlının böyük bir güc olduğunu vurğulayıb və bu gücdən istifadə etməyin əhəmiyyətini nəzərə çatdırıb.
Türkiyənin Elmi Strateji Araşdırmalar Mərkəzinin başqanı, dr. İlyas Bozkurt Türkiyə və Azərbaycan deyərkən iki qardaş millətdən bəhs edildiyini söyləyib. O, hər iki dövlətin tarixindəki qardaşlıq münasibətlərindən danışıb. İ.Bozkurt Şuşa Bəyannaməsindən söz açarkən bu sənədin "dünyaya meydan oxumaq" olduğunu vurğulayıb: "Azərbaycana hücum olarsa Türkiyə, Türkiyəyə hücum olarsa Azərbaycan prosesə daxil olacaq. Bu yalnız regiondakı ölkələrə deyil Rusiyaya, Çinə də meydan oxumaq deməkdir". Başqan təhlükəsizliklə yanaşı, bu sənəddə enerji ilə bağlı da önəmli məqamların yer aldığını deyib. İ.Bozkurt türk ölkələrinin Avropa Birliyi formatında əməkdaşlıq, birlik qura biləcəyi halda gələcəyinin perspektivli olacağını söyləyib.
Almaniyadan tədbirə qoşulan "Bakı-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev Türkiyənin Azərbaycan üçün təbii müttəfiq olduğunu vurğulayıb. O, Azərbaycanda yaşayan xalqların dinc, birgə yaşayışından da bəhs edərək, ölkəmizi dünya üçün "milli və dini baxımdan nümunə dövlət" adlandırıb. Y.Musayev Azərbaycanın xarici siyasətinin peşəkar şəkildə həyata keçirilməsindən, ordumuzun əldə etdiyi uğurlardan danışıb. O, Şuşa Bəyannaməsindən, türk ölkələrinin diaspor təşkilatlarının birliyə çalışmasından, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlərdən də söz açıb.
Oman Dövlət Orkestrinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi, beşiyi adlandırıb. O, türk ölkələri arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq fəaliyyətlərindən danışıb. Xalqların bir araya gəlməsində mədəniyyətin önəmli olduğunu söyləyən V.Yusif bu istiqamətdə özünün də iştirakçı olduğu tədbirlərdən, o cümlədən Şuşa Bəyannaməsinin əhəmiyyətindən də bölüşüb.
Qazaxıstandan tədbirə qoşulan Beynəlxalq Həmrəylik Təşkilatının Qazaxıstan kordinatoru, Vətən cəmiyyətinin sədri Ömər Səid Şuşa Bəyannaməsinin imzalanmasını türk dünyasındakı mühüm əhəmiyyətə malik bir hadisə kimi dəyərləndirib. O, bildirib ki, bu sənəd Qazaxıstanda da böyük sevinclə qarşılanıb. Ö.Səid hesab edir ki, sənədin imzalanması türk dünyasında yeni bir dövrün başlanğıcı kimi xarakterizə oluna bilər. Onun sözlərinə görə türk dövlət başçılarının Qazaxıstandakı son toplantısında qərara alınan məsələlər çox vacib məqamlardan ibarətdir.
Ədalət Partiyasının sədri, dosent, fəlsəfə doktoru Mütəllim Rəhimli bildirib ki, Azərbaycan öz gələcəyini dostları ilə birlikdə qurmaqla məşğuldur. Onun sözlərinə görə bu baxımdan Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi mühüm əhəmiyyətə malikdir. Onun dediyinə görə türk dövlətləri birgə ola bilərsə qələbə qazanacaq. M.Rəhimli hesab edir ki, Qarabağın azad edilməsi bütün türk dünyasının qələbəsi sayılmalıdır. Partiya sədri qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyinin qarantı sayılmalıdır.
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov Şuşa Bəyannaməsinin türk dünyasının taleyində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Dünyada böyük dövlətlərin hökmranlıq etmək siyasətinə diqqət çəkən M.Cəbrayılov türk dövlətlərinin güclü olması üçün birliyinin vacib olduğunu açıqlayıb. Alim Azərbaycanla Türkiyənin apardığı işlərin digər türk dövlətləri üçün də nümunə rolu oynadığını bildirib: "İki dövlət yanaşı dayananda qlobal güclərə qarşı dura bilərlər".
"Müasir İnkişaf" İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Əlizadəqızı 2026-cı ildə Türkoloji qurultayın 100 illiyinin, Nizami Gəncəvinin 880 illiyinin, Şuşa Bəyannaməsinin 5 illiyinin tamam olmasından danışıb. O, Azərbaycan mədəniyyətinin xaricdə təbliğinin əhəmiyyətli olduğunu qeyd edib. T.Əlizadəqızı bildirib ki, Şuşa Bəyannaməsi dünyaya Azərbaycanla Türkiyənin birgə olmasının mesajıdır. Alim sonra imzalanan Qarabağ Bəyannaməsinin Şuşa Bəyannaməsinin məntiqi davamı olduğunu açıqlayıb.
Türkiyədən konfransa qoşulan dosent, filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı Yurttaş Şuşa Bəyannaməsinin əhəmiyyətindən, iki ölkə arasındakı münasibətlərə təsirindən bəhs edib. Qarabağın zəngin mədəni irsindən söz açan çıxışçı buranı Azərbaycan üçün sivilizasiyanın beşiyi olduğunu qeyd edib.
Dialoq və İnkişaf Naminə ictimai birliyin sədri Çingiz Bayramov bəyan edib ki, Şuşa Bəyannaməsi türk ölkələrinin gələcək hərbi əməkdaşlığının təməlidir. Dünyanı türk millətindən qorxmamağa çağıran Ç.Bayramov bildirib ki, türklərin hərbi birliyinin əzilən millətlərə dəstək olcağını vurğulayıb. Çıxışçı bildirib ki, Bəyannamə Azərbaycanın təkcə Türkiyə ilə deyil digər türk ölkələri ilə də əməkdaşlığını genişləndirən mühüm amildir. O, bundan sonrakı çalışmalarda da daim türk ölkələrinin birliyinə çalışmağın əhəmiyyətini qeyd edib.
ADPU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov bildirib ki, dünyadakı bir sıra birlik modelləri özünü doğrultmayıb, amma türk birliyi çox mökəmdir. O, qeyd edib ki, türk dünyası bütün problemlərini həll etməyib, görüləsi çox iş var. T.Cəfərov türk ölkələrinin geniş təbii imkanlara malik olduğunu açıqlayıb. Çıxışçı gələcəkdə də türk ölkələri arasında Şuşa Bəyannaməsi formatında sənədlərin imzalanmasının mümkünlüyündən bəhs edib.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Şuşa Bəyannaməsi 1994-cü ildən imzalanan sənədlərin mərhələli şəkildə hazırlanması nəticəsində bu məqama gəlib çatıb. O, sənəddə bütün məqamların öz əksini tapdığını qeyd edib.
Sonda tədbir iştirakçıları bir daha Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətli bir sənəd olduğunu, türk ölkələri arasında gələcəkdə bu cür sənədlərin imzalanmasının vacibliyini açıqlayıblar.
Tədbirdə eyni zamanda Türkiyənin Üsküdar Universitetinin professoru, sosioloq Əbülfəz Süleymanlı, professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli, Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova, BDU-nun Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, Uğur gəncləri maarifləndirmə təşkilatının sədri Əlövsət Allahverdiyev, Beynəlxalq Həmrəylik Təşkilatının Gürcüstan kordinatoru, Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Redaktor.az saytının baş redaktoru Aqil Aslan, Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri Aqil Eyvazov, Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru Pərviz Kazimi, "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Arzuman Abdulkərimov, Türk Dünyası Autizm Federasiyasının rəhbəri Elnur Məmmədli, TESAM başqanının müavini Talha Zeytinci, TESAM Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə, Beynəlxalq Həmrəylik Təşkilatının Azərbaycan kordinatoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa, "Müasir İnkişaf" İctimai Birliyinin idarə heyətinin üzvü, təhsil eksperti Rizvan Fikrətoğlu, "Müasir İnkişaf" İctimai Birliyinin üzvü, təhsil mütəxəssisi Nicat Göyüşov, "Müasir İnkişaf" İctimai Birliyinin "Vətənpərvər Gənclər" Klubunun təmsilçisi, BDU-nun tələbəsi Turqut Ansari, Türkiyənin Yıldız Teknik Universitetinin tələbəsi İbrahim Sadıqov iştirak ediblər.
Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyi 21 ildən çoxdur fəaliyyət göstərir və bugünə qədər çoxsaylı tədbirlər, layihələr, görüşlər, müzakirələr keçirib.