Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Bir çox vətəndaş yaxınlarını itirdikdən sonra dəfn müavinətinin alınma proseduru ilə bağlı çətinlik yaşayır. Mövcud qanunvericiliyə əsasən, bu sosial ödənişdən Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.

Milli.Az xəbər verir ki, qaydalara görə, ömürlük, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə sosial müavinət alan şəxslər, həmçinin işsizlikdən sığorta ödənişi alan sığortaolunanlar vəfat etdikdə onların dəfni ilə bağlı xərcləri qarşılayan şəxsə 600 manat məbləğində dəfn müavinəti verilir.

Əmək pensiyaçılarının vəfatı halında isə ödənilən məbləğ fərqlidir. Bu halda dəfn müavinəti əmək pensiyasının minimum məbləğinin üç misli həcmində hesablanır.

Müavinətin alınması üçün müəyyən edilmiş vaxt məhdudiyyəti yoxdur. Ödəniş, mərhumun dəfni ilə bağlı xərcləri öz üzərinə götürən şəxsə təqdim edilir.

Müraciət etmək istəyən vətəndaşlar yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinə, "DOST" mərkəzlərinə və ya şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi müəyyən olunmuş şəxslər üçün fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.

Dəfn müavinətinin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

Vəfat edən şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;

Dəfn müavinətinin verilməsi üçün Ədliyyə Nazirliyinin qeydiyyat orqanı tərəfindən təqdim olunan arayış;
Dəfni təşkil edən şəxslə bağlı təsdiqedici sənəd.

Əlavə olaraq, mərhum 1 mart 2019-cu il tarixindən əvvəl vəfat edibsə, dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti nümayəndəliyinin arayışı tələb olunur. Həmin tarixdən sonra baş vermiş ölüm hallarında isə bu məlumat bələdiyyə tərəfindən verilən arayışla təsdiqlənməlidir.

Mütəxəssislər vətəndaşlara sənədləri tam şəkildə topladıqdan sonra müraciət etməyi tövsiyə edirlər ki, müavinətin təyin olunması prosesi daha operativ həyata keçirilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31