Dövlət xadimlərinin dəyəri yedikləri yeməklərlə deyil, tarixdə qoyduqları izlə ölçülür- ÖZƏL
11:02 Sosial"Sosial şəbəkələrdə başqa ölkələrin krallarının ad günü süfrələrini, menyularını və təntənəli mərasimlərini paylaşmaq əvəzinə, əgər həmin şəxs həqiqətən beynəlxalq nüfuza malik dövlət xadimidirsə, onun dünyada sülhün, əməkdaşlığın, mədəniyyətlərarası dialoqun və humanitar təşəbbüslərin inkişafına verdiyi töhfələrdən bəhs etmək daha məntiqli olardı. Dövlət xadimlərinin dəyəri yedikləri yeməklərlə deyil, tarixdə qoyduqları izlə ölçülür". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Təəssüf ki, bəzi insanlar xarici ölkələrin saray protokollarına, kral süfrələrinə və mərasimlərinə həddindən artıq heyranlıq göstərərək öz milli tarixini, qəhrəmanlarını və mədəni irsini ikinci plana keçirirlər. Halbuki hər bir xalqın öz tarixi ilə qürur duyması, milli kimliyini və tarixi yaddaşını qoruması vacibdir.
Yaxın keçmişdə Cənubi Koreyada baş verən Starbucks qalmaqalı da göstərdi ki, tarixi və kollektiv yaddaşı nəzərə almayan marketinq addımları cəmiyyət tərəfindən sərt reaksiya ilə qarşılanır. Tarixə laqeyd yanaşmaq, simvolların və tarixlərin mənasını bilmədən davranmaq təkcə marketinq səhvi deyil, həm də ictimai məsuliyyətsizlikdir. Öz tarixini bilməyən və ona hörmət etməyən cəmiyyətlər başqalarının tarixini romantikləşdirməyə meylli olurlar.
Milli özünüdərk xarici saraylara heyranlıqdan deyil, öz xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni dəyərlərini dərindən bilməkdən başlayır".