Mediatorlar Ombudsmanların Beynəlxalq Bakı Sammitində iştirak edib- ÖZƏL

Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işini plenar sessiyalarla davam etdirir.Olaylar xəbər verir ki, tədbir çərçivəsində müxtəlif ölkələrdən olan ombudsmanlar, insan hüquqları üzrə ekspertlər və digər iştirakçılar süni intellekt dövründə insan hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələləri müzakirə edirlər.

Sammitin ilk plenar sessiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyevanın moderatorluğu ilə "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilib. Sessiyada süni intellekt texnologiyalarının insan hüquqlarının təmin olunmasına təsiri, bu sahədə yaranan yeni imkanlar və potensial risklər ətrafında fikir mübadiləsi aparılıb.

Günün ikinci yarısında təşkil olunan paralel sessiyalarda isə rəqəmsal mühitdə hüquqların qorunması, məlumatların məxfiliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub. Bununla yanaşı, süni intellektin əmək bazarına və məşğulluq sahəsinə təsiri, yeni texnologiyaların iş münasibətlərində yaratdığı dəyişikliklər və çağırışlar iştirakçıların diqqət mərkəzində olub.

Növbəti sessiyalarda süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik prinsiplərinin təmin edilməsi, eləcə də rəqəmsal savadlılığın artırılması və insan hüquqlarının qorunmasında onun rolu barədə müzakirələr aparılıb. Sessiyalar çərçivəsində süni intellekt texnologiyalarının inkişafı fonunda hüquqların etibarlı müdafiəsi üçün beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə iştirak edən mediatorlar da müzakirələri izləyərək müasir texnologiyaların hüquq sisteminə və alternativ mübahisələrin həlli mexanizmlərinə təsiri ilə bağlı təqdim olunan yanaşmalarla tanış olublar. Sammit iştirakçılar üçün aktual hüquqi məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31