Dini geriliyin rəmzi kimi təqdim etmək doğru deyil- ÖZƏL

"Bu gün cəmiyyətdə bəzən belə bir təsəvvür formalaşdırılmağa çalışılır ki, guya din və iman ağıl ilə ziddiyyət təşkil edir. Sanki dini dəyərlərə bağlılıq geriliyin göstəricisi, müasir düşüncə isə dindən uzaq olmaq kimi təqdim olunur. Halbuki, bu yanaşma həqiqəti əks etdirmir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Dinlə ağlın qarşı-qarşıya qoyulması doğru deyil. İslam tarixində fəlsəfə və ağıl məsələlərinə münasibətdə müxtəlif yanaşmalar mövcud olsa da, İslamın öz mahiyyətində ağıl və məntiqə böyük önəm verildiyi aydın görünür. İslam ağıl və düşüncəyə çağıran bir dindir. Harada ağıl və məntiq yoxdursa, orada dinin mahiyyətini düzgün dərk etmək də mümkün deyil.

Eyni zamanda, insan həyatında imanın rolu da danılmazdır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, iman və Uca Yaradana olan inanc mənə fəaliyyətimdə ciddi mənəvi dayaq olur. İnsan bəzən elə çətinliklərlə və sınaqlarla üzləşir ki, məhz bu inanc ona güc verir, ruhdan düşməməyə və yoluna davam etməyə kömək edir. Açıq şəkildə qeyd etmək istəyirəm ki, əgər mənim imanım olmasaydı, bəlkə də bəzi çətinliklər qarşısında taqətdən düşər və başladığım işləri davam etdirməkdə çətinlik çəkərdim. Bu baxımdan, imanın insan həyatındakı rolu çox böyükdür.

Təbii ki, ağıl və məntiq də eyni dərəcədə önəmlidir. Hər bir məsələyə ağıl və məntiq prizmasından yanaşmaq vacibdir. Lakin insan ağlının da müəyyən sərhədləri olduğunu qəbul etməliyik. Biz nə qədər araşdırsaq və müzakirə etsək də, Uca Yaradanı tam şəkildə dərk etmək və təsvir etmək imkanına malik deyilik. Buna baxmayaraq, insanların böyük əksəriyyəti ilahi qüvvənin mövcudluğuna inanır. Bu da göstərir ki, iman və ağıl bir-birini inkar edən deyil, əksinə, tamamlayan anlayışlardır.

Ona görə də dini geriliyin rəmzi kimi təqdim etmək doğru deyil. Din insanın mənəvi dünyasını zənginləşdirən, ona dəyərlər sistemi təqdim edən mühüm amildir. Müasirliklə dini dəyərlər arasında ziddiyyət yaratmaq əvəzinə, onların bir-birini tamamlayan tərəflərini görmək daha düzgün yanaşmadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31