Vahid tənzimləyici qurumun yaradılması söz və fikir azadlığının inkişafına müsbət təsir göstərəcək
07:44 Sosialİstiqamət- Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi istiqamətində çox ciddi qərarlar qəbul edilib. Ötən müddət ərzində ölkəmizdə medianın inkişafı məqsədilə qanunvericilik bazası yaradılıb, media sahəsində struktur islahatlar aparılıb. Həyata keçirilmiş islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb. Sirr deyil ki, ötən müddət ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin respublikamız haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Buna baxmayaraq, beynəlxalq aləmdə rəqəmsal yeniliklərin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və yeni idarə üsullarının tətbiq olunduğu müasir dövrdə media sahəsində də keyfiyyət dəyişikliklərinə ehtiyac yaranıb. Məhz bu baxımdan, milli-tarixi ənənələr və modern çağırışlar, habelə müasir medianın özəllikləri də nəzərə alınmaqla hazırda media sahəsində yeni islahatların reallaşdırılması prosesi gedir. Azərbaycan mediasının fəaliyyətində fərqli tənzimləmə mexanizminin yaradılması ilə bu sahənin daha da inkişafı heç şübhəsis ki, ölkəmizdə söz və ifadə azadlığının durumuna öz təsirini göstərəcək.
Məlum olduğu kimi Azərbaycanın mütəmadi olaraq media sektorunda struktur islahatları aparılır. Hazırda da müasir dövrün tələblərinə uyğun olaraq media sahəsində yeni idarəetmə modeli yaradılır. Belə ki, Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şura ləğv edilərək, onların əsasında vahid tənzimləyici və nəzarət qurumu olan Media və Yayım Şurası yaradılır. Əsas hədəflər dezinformasiya ilə mübarizəni gücləndirmək, rəqəmsal transformasiyanı sürətləndirmək və vahid idarəetmə modelinə keçməkdir. "Media haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq. Daha dəqiq, "Media haqqında" və "Dövlət qulluğu haqqında" qanunlara edilən əlavələrdə öz əksini tapıb. Rəsmi izahata görə, məqsəd informasiya təhlükəsizliyini gücləndirmək və media sahəsində vahid, çevik idarəetmə mexanizmi formalaşdırmaqdır. Maraqlıdır, ölkədə bu dəyişiklik fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə necə təsir göstərəcək?
"Bakıvaxtı.az" xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu bildirib ki, Azərbaycanda müstəqil mətbuatın inkişafı hər zaman olduğu kimi, bu gün də əsas hədəflərdən biridir. Bu istiqamətdə atılan hər bir addım, verilən hər bir qərar medianın dayanıqlılığına xidmət edir: "Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən media islahatları milli informasiya məkanının təhlükəsizliyinin möhkəmləndirilməsi, mətbuatın peşəkarlığının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu islahatların əsas istiqamətlərindən biri kimi qəbul edilən "Media haqqında" Qanun qısa müddət ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və media fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi baxımından özünü doğruldub. Lakin qlobal informasiya mühitindəki dəyişikliklər, rəqəmsal texnologiyaların inkişafı və media platformaları arasında sərhədlərin aradan qalxması yeni idarəetmə mexanizmlərinin tətbiqini zəruri edib. Bu baxımdan "Media haqqında" Qanuna təklif olunan dəyişikliklər çərçivəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının yaradılması mühüm əhəmiyyət kəsb edir. Yeni qurumun yaradılması bu sahədə dövlətin vahid və sistemli yanaşmasının formalaşdırılmasına xidmət edəcək.
Məlumdur ki, hazırda media sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyi müxtəlif funksiyaları yerinə yetirirlər. Amma bu qurumların fəaliyyətinin vahid kollegial idarəetmə modeli əsasında əlaqələndirilməsi daha effektiv nəticələr verə bilər. Media və Yayım Şurasının yaradılması da məhz bu məqsədə xidmət edir. Yaradılacaq yeni qurum media siyasətinin həyata keçirilməsində çevikliyi artırmaqla yanaşı, qərarların qəbulunda şəffaflığı və ictimai etimadı da gücləndirəcək. Demokratik idarəetməsə kollegial idarəetmə prinsipi əsas elementlərindən biri sayılır. Media və Yayım Şurasının fəaliyyətinin məhz bu prinsip əsasında qurulması medianın müstəqilliyinin qorunmasına, qərarların daha obyektiv qəbul edilməsinə, ictimai nəzarətin güclənməsinə imkan verəcək.
Təklif olunan dəyişikliklər yerli media məhsullarının istehsalının stimullaşdırılmasına, milli media subyektlərinin inkişafına, eyni zamanda Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv çatdırılmasına da əlavə imkanlar açacaq. Bu isə ölkənin informasiya siyasətinin güclənməsinə və milli maraqların müdafiəsinə xidmət edən mühüm amillərdən biridir.
Dəyişikliklərdə diqqətçəkən məqamlardan biri də Media Reyestri ilə bağlıdır. Belə ki, media subyektləri, redaksiyalar və jurnalistlər haqqında məlumatların sistemləşdirilməsini nəzərdə tutan Media Reyestrinə jurnalistlərin daxil edilməsi və onların müvafiq vəsiqələrlə təmin olunması artıq ödənişsiz əsasda həyata keçiriləcək. Bu addım isə jurnalistlərin fəaliyyətinin daha rahat təşkilinə, peşəkar media mühitinin formalaşmasına əlavə töhfə verəcək.
Müasir dövrdə dezinformasiya kampaniyaları, xarici təsir cəhdləri, informasiya manipulyasiyaları dövlətlərin qarşısında duran əsas çağırışlardan biridir. Yeni Şuranın yaradılması ölkəmizin informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addım olacaq. Media və Yayım Şurası bu istiqamətdə fəaliyyətin daha koordinasiyalı və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
"Media haqqında" Qanuna təklif olunan dəyişikliklər, Media və Yayım Şurasının yaradılması Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu yeniliklər istər milli informasiya təhlükəsizliyinin təmin olunmasına, istər media institutlarının güclənməsinə, istərsə də müasir çağırışlara cavab verən dayanıqlı media sisteminin formalaşdırılmasına xidmət edir".
"Yurd.Media" xəbər portalının baş redaktoru Murad Əliyev qeyd edib ki, media məsələlərini tənzimləyən vahid qurumun yaradılması günün tələbidir: "İnformasiya texnologiyalarının və məlumata əlçatanlığın transformasiyaya uğradığı bir dövrdə eyni informasiya həm video həm mətn formatında eyni anda təqdim oluna bilir. Digər tərəfdən, televiziya ənənəvi çərçivələrdən çıxaraq artıq hər kəsin mobil telefonuna köç edib. Onlayn media da mütləq öz izləyicisinə video ilə çatdırmağı vacib bilir. Elə uzaq getmədən öz təmsil etdiyim mediadan bir nümunə çəkim - ötən ilin aprelində fəaliyyətə başlayanda Yurd.Media əsasən yazılı media kimi fəaliyyət göstərməyi qarşıya məqsəd qoymuşdu. Lakin günümüzün tələblərindən irəli gərək bölgələrdəki həyatı müzakirə edən bir "Yurddaş" verilişi təsis etdim və burada müsahiblər ilə videomüsahibələr təşkil olundu. Zaman göstərdi ki, həmin verilişə maraq heç də saytda olan xəbərlərdən az deyil. Təbii ki, gələcəkdə bu marağın daha artacağını gördüyümüz məqamda bir TV formatında fəaliyyətə çevirmək niyyətimiz olacaq. Bu səbəbdən vahid bir rqurumun yaradılması media sahəsində tənzimləmə məsələlərinin daha çevik həyata keçirilməsinə səbəb olacağını düşünürəm. Düşünürəm ki, bu addım son illər Azərbaycanda mediaya dəstək məqsədilə həyata keçirilən ardıcıl işlərin məntiqi davamıdır". Heç şübhəsiz ki, media sahəsində dəyişiklik fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.