Azərbaycanda doğum sayı azaldı: Göstərici sayı 8,5-ə düşüb
11:39 SosialAzərbaycanda bu ilin ilk beş ayında 28 mindən çox körpə doğulsa da, doğum göstəricilərində azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28 min 631 yeni doğulan körpə qeydə alınıb.
Statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,5-ə enib.
Doğulan uşaqların 53,6 faizini oğlanlar, 46,4 faizini isə qızlar təşkil edib. Qeydiyyata alınan körpələr arasında 980 əkiz, 39 üçəm də var.
Rəsmi məlumatlarda ailə statistikası ilə bağlı göstəricilər də açıqlanıb. Belə ki, 2026-cı ilin ilk dörd ayında ölkədə 11 min 422 nikah və 6 min 443 boşanma qeydə alınıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
Beləliklə, Azərbaycanda həm doğum, həm nikah, həm də boşanma göstəricilərində azalma tendensiyası müşahidə olunur.