Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Şuşa səhiyyə işçiləri üçün bayram tədbiri keçirilib- ÖZƏL

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Şuşa şəhərində fəaliyyət göstərən Şuşa Sağlamlıq və Müalicə Mərkəzində, eləcə də hazırda Bakı şəhərində fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasında təntənəli bayram tədbirləri keçirilmişdir. "Olaylar" xəbər verir ki, Şuşa Sağlamlıq və Müalicə Mərkəzi və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolu, onların insan sağlamlığının qorunması və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində gördükləri fədakar xidmətlər yüksək qiymətləndirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan səhiyyəsinin inkişafı, tibb işçilərinin peşə fəaliyyətinin əhəmiyyəti və onların ölkənin sosial rifahına verdiyi töhfələr barədə fikir mübadiləsi aparmışlar. Çıxış edənlər qeyd etmişlər ki, tibb işçiləri öz peşə borclarını yüksək məsuliyyətlə yerinə yetirərək insanların sağlamlığının keşiyində dayanır, cəmiyyətə xidmətin ən ali nümunələrini nümayiş etdirirlər.
Şuşa Sağlamlıq və Müalicə Mərkəzində keçirilən tədbirdə müəssisənin baş direktoru,YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri Kəmalə Səfərova çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onların gündəlik fəaliyyətində göstərdikləri zəhməti və peşəkarlıqları yüksək qiymətləndirmişdir. O vurğulamışdır ki, səhiyyə sahəsində çalışan hər bir əməkdaşın fəaliyyəti insanların həyat və sağlamlığı ilə birbaşa bağlı olduğundan bu peşə xüsusi məsuliyyət, humanizm və vicdan tələb edir.
Daha sonra həkimlər Səriyə Hüseynova, Tünzalə xanım və Bahar Məmmədova çıxış edərək həmkarlarını bayram münasibətilə təbrik etmiş, tibb sahəsinin cəmiyyət üçün əhəmiyyətindən danışmışlar. Natiqlər qeyd etmişlər ki, insanlara sağlamlıq bəxş etmək, onların ağrı-acılarını azaltmaq və həyatına ümid işığı olmaq tibb peşəsinin ən müqəddəs tərəflərindən biridir.
Bakı şəhərində fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə isə baş həkim Mətanət Bünyadova çıxış edərək bütün kollektiv üzvlərini Tibb İşçilərinin Peşə Bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və möhkəm cansağlığı arzulamışdır. O, səhiyyə işçilərinin peşəkar fəaliyyətinin insanların rifahı və sağlam gələcəyinin təmin olunmasında mühüm rol oynadığını vurğulamışdır.
Tədbir zamanı xüsusi olaraq qeyd edilmişdir ki, tibb peşəsi yalnız bir peşə deyil, insan həyatına toxunan, ümid, mərhəmət və şəfqəti özündə birləşdirən müqəddəs missiyadır. Bu şərəfli peşəni seçən insanların fəaliyyəti daim böyük ehtiram və minnətdarlıqla qarşılanır.
Çıxışlarda Azərbaycan Respublikasında səhiyyə sahəsinə göstərilən dövlət qayğısından da bəhs edilmişdir. Bildirilmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi, yeni tibb müəssisələrinin tikilməsi və əsaslı təmiri, müasir tibbi avadanlıqlarla təchizatın gücləndirilməsi, tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə və sosial layihələrə verdiyi dəstək də ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində səhiyyə infrastrukturunun yenidən qurulması və müasir standartlara uyğun tibbi xidmətlərin təşkili dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə həyata keçirilən layihələr regionda əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına geniş imkanlar yaradır.
Tədbirin sonunda tibb işçilərinin cəmiyyət qarşısındakı xidmətləri bir daha yüksək qiymətləndirilmiş, onların gələcək fəaliyyətlərində yeni uğurlar qazanacaqlarına əminlik ifadə olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31