Xaricdə peşə təhsili almış 115 nəfərdən cəmi 16 nəfər imtahanda uğur qazanıb - DİM
19:22 SosialXarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 16 iyun 2026-cı il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 145 nəfərdən 30 nəfər imtahana gəlməyib. İmtahanda 16 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılır.
İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 17 - 18 iyun tarixlərində saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.