“İnsan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi” mövzusunda təlim keçirilib
14:58 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "İnsan Hüquqları Aylığı" çərçivəsində "İnsan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi" mövzusunda təlim təşkil olunub. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin 37 əməkdaşı iştirak edib.
Tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması sahəsində milli qanunvericiliyin tələbləri, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət, eləcə də insan hüquqlarının təmin olunmasında dövlət orqanlarının rolu barədə iştirakçıların bilik və məlumatlılığının artırılması olub.
Təlim Ədliyyə Akademiyasının baş müəllimləri Reyhan Cəfərova və Şəlalə Quluzadə tərəfindən keçirilib. Təlim zamanı insan hüquqlarının konstitusion əsasları, onların müdafiəsi mexanizmləri, dövlət orqanlarının insan hüquqlarının təmin edilməsindəki vəzifələri və bu sahədə mövcud aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.