Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir
12:46 Sosial"Azərbaycanda dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir. Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə, dövlətin maliyyə idarəetməsinin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib: "Bu məntiqdən çıxış edərək 2025-ci il həm də ölkənin son illərdə ən vacib strateji sənədi hesab edilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın dördüncü ilinin icrası üzrə hədəflərin reallaşdırılması, qəbul edilmiş bir sıra dövlət proqramlarının və strategiyaların icrasının bitməsi, həmçinin dövlət maliyyəsi müstəvisində "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi"nin icrası baxımından xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşüb: "ÜDM məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmamış, bu göstərici üzrə proqnoz və fakt qiymətləri cüzi fərqlənmişdir. Lakin 2025-ci ilin baza ssenarisi üzrə təqdim edilən proqnozları və icra parametrləri arasında müəyyən fərqlər müşahidə edilir".