Sosial mediada təhlükəli davranışların nümayişi ciddi narahatlıq doğurur- ÖZƏL
11:40 Sosial"Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və bilik paylaşmaq baxımından geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün müəyyən risklər də formalaşdırır. Bu baxımdan məsələni yalnız qadağalar prizmasından yox, təhlükəsizlik, maarifləndirmə və məsuliyyət baxımından dəyərləndirmək vacibdir. Hesab edirəm ki, azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı beynəlxalq təcrübə diqqətlə öyrənilməli və Azərbaycanda da yaş həddi, valideyn nəzarəti mexanizmləri və platformaların məsuliyyəti ilə bağlı hüquqi çərçivə daha da təkmilləşdirilməlidir. Burada əsas məqsəd uşaqların informasiya əldə etmək imkanlarını məhdudlaşdırmaq yox, onların təhlükəsizliyini təmin etməkdən ibarət olmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Son dövrlər sosial mediada izləyici və populyarlıq qazanmaq naminə təhlükəli davranışların nümayiş etdirilməsi ciddi narahatlıq doğurur. Xüsusilə uşaqlar və yeniyetmələr bu cür məzmunun təsiri altına düşə bilirlər. Bu istiqamətdə həm maarifləndirmə işləri gücləndirilməli, həm də platformalar zərərli məzmunun yayılmasının qarşısının alınması üçün daha məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
Rəqəmsal mühitdə psixoloji zorakılıq, təhqir, təqib və təzyiq halları da diqqətdən kənarda qalmamalıdır. Bəzən virtual məkanda baş verən hadisələrin insan psixologiyasına təsiri real həyatda yaşanan problemlər qədər ağır nəticələr yarada bilir. Ona görə də kibertəhlükəsizlik məsələləri ilə yanaşı, rəqəmsal etik davranış və psixoloji təhlükəsizlik mövzuları da daim diqqət mərkəzində saxlanılmalıdır.
Sosial şəbəkələrdə yayılan məlumatların milli təhlükəsizliyə təsiri məsələsi də xüsusi əhəmiyyət daşıyır. İnformasiya müharibələrinin getdikcə daha mürəkkəb xarakter aldığı bir dövrdə dezinformasiya, saxta xəbərlər və məqsədli manipulyasiya cəhdləri dövlətlər üçün ciddi çağırışlar yaradır. Bu baxımdan həm cəmiyyətin media savadlılığının artırılması, həm də milli maraqların qorunmasına xidmət edən hüquqi və institusional mexanizmlərin gücləndirilməsi vacibdir.
İnanıram ki, dövlət qurumları, ailələr, təhsil müəssisələri, vətəndaş cəmiyyəti və rəqəmsal platformalar bu məsələlərdə birgə məsuliyyət nümayiş etdirməli, təhlükəsiz və sağlam rəqəmsal mühitin formalaşdırılması üçün koordinasiyalı fəaliyyət göstərməlidirlər".