Bunlar sinə xərçəngi yaradır - Həkimdən XƏBƏRDARLIQ

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir.Sfera.az xəbər verir ki, onkoloq, tibb elmləri doktoru, professor Aleksandr Seryakov xəstəliyin yaranma riskini artıran əsas vərdişləri açıqlayıb.Həkimin sözlərinə görə, ən təhlükəli vərdişlərdən biri siqaret çəkməkdir. Tütün tüstüsünün tərkibindəki kanserogen maddələr hüceyrələrə zərər verərək şiş proseslərinin yaranmasına səbəb ola bilər.

"Bir çox qadın siqaretin süd vəzi xərçəngi riskinə təsirini düzgün qiymətləndirmir. Xüsusilə gənc yaşda siqaretə başlamaq və uzunmüddətli istifadə daha təhlükəlidir. Kanserogenlər təkcə ağciyərlərə deyil, bütün orqanizmə təsir göstərir", - deyə mütəxəssis bildirib.

Seryakov ikinci əsas risk faktoru kimi alkoqol istifadəsini qeyd edib. Onun sözlərinə görə, hətta az miqdarda spirtli içki hormon balansına təsir edərək estrogen səviyyəsini artıra bilər və bu da xərçəng riskini yüksəldir.

Onkoloq əlavə edib ki, artıq çəki və fiziki aktivliyin azlığı da xəstəliyin inkişafında mühüm rol oynayır. Xüsusilə menopauzadan sonra piy toxumasının hormonal balansı dəyişdirməsi risk faktorunu artırır.

Həkimin sözlərinə görə, xroniki stress, yuxu çatışmazlığı və qeyri-sağlam qidalanma da orqanizmdə metabolik pozğunluqlara səbəb olaraq onkoloji riskləri yüksəldə bilər.

Bununla belə, mütəxəssis qeyd edib ki, risk faktorlarının olması mütləq xəstəlik demək deyil. Siqaretdən və alkoqoldan imtina, düzgün qidalanma, fiziki aktivlik və müntəzəm tibbi müayinələr riskin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31