Kasıb ailələrin uşaqları hüquq biliklərini sosial mediadan əldə edir - Tədqiqat
13:57 Sosial"Azərbaycanda uşaqların hüquq düşüncəsi" adlı tədqiqat hesabatında uşaqların hüquqi bilik mənbələri və hüquqlar barədə məlumatlılıq səviyyəsi ilə bağlı maraqlı nəticələr əks olunub.
Hesabata əsasən, aşağı gəlirli ailələrdən olan şagirdlər hüquq biliklərini daha çox sosial şəbəkələr vasitəsilə əldə etdiklərini bildiriblər. Valideynləri ali təhsilli olan yeniyetmələr isə hüquqi məlumatları əsasən kitablardan və müəllimlərdən öyrəndiklərini qeyd ediblər.
Yüksək gəlirli ailələrdən olan uşaqların 45.1 faizi, orta gəlirli ailələrin uşaqlarının 31.7 faizi öz hüquqlarını bildiklərini qeyd edib. Çox aşağı gəlirli ailələrin uşaqlarında bu göstərici 25.9 faiz olub.
Göründüyü kimi, ailənin maddi imkanları təhsilin keyfiyyətinə və uşaqğın məlumatlara çıxışına birbaşa təsir edir.
Sorğuda iştirak edən oğlanların 31,5 faizi, qızların isə 30,1 faizi hüquqlarını tam bildiklərini deyiblər.
Araşdırmanın digər nəticəsinə görə, uşaqların yalnız 13 faizi münaqişələri sülh və dialoq yolu ilə həll etdiyini bildirib.
Tədqiqat göstərir ki, yaş artdıqca uşaqların hüquqi bilik səviyyəsi avtomatik olaraq yüksəlmir. Belə ki, 14 yaşlı uşaqların 36,1 faizi hüquqlarını bildiyini qeyd etdiyi halda, 16 yaşda bu göstərici 28,6 faizə düşüb.
Mütəxəssislərin qənaətinə görə, yeniyetmələrin hüquqi savadlılığına yaşdan daha çox onların fərdi mütaliəsi, izlədikləri verilişlər, müəllimləri və valideynləri ilə apardıqları müzakirələr təsir edir.