Möcüzəvi pəhrizlər: sürətli arıqlamanın görünməyən riskləri
22:00 Sosialİnsan orqanizmi mürəkkəb və həssas bir sistemdir. Bu sistemin sağlam fəaliyyət göstərməsi üçün qidalanma, fiziki aktivlik, yuxu rejimi və psixoloji vəziyyət arasında balansın qorunması vacibdir. Lakin müasir dövrdə həyat tərzinin dəyişməsi, oturaq iş rejimi, qeyri-sağlam qidalanma və stress amilləri artıq çəki problemini qlobal miqyasda ən çox müzakirə olunan sağlamlıq məsələlərindən birinə çevirib. Bu gün artıq çəki təkcə estetik görünüşlə bağlı məsələ deyil, ürək-damar xəstəlikləri, şəkərli diabet, və digər ciddi sağlamlıq problemləri üçün risk faktoru hesab olunur. Məhz buna görə də minlərlə insan çəki azaltmaq və daha sağlam həyat tərzinə nail olmaq üçün müxtəlif üsullara üz tutur.
Məncə, son illərdə insanların çəki məsələsinə münasibəti də dəyişib. Əvvəllər sağlam olmaq üçün arıqlamağa çalışan insanların sayı daha çox idisə, indi bir çox hallarda əsas məqsəd müəyyən görünüş standartlarına uyğunlaşmaqdır. Xüsusilə internet və kütləvi informasiya vasitələri insanların gözündə ideal bədən ölçüləri haqqında müəyyən təsəvvür formalaşdırıb. Nəticədə artıq çəki ilə mübarizə sağlamlıq məqsədindən çıxaraq bəzən sürətli nəticə əldə etmək yarışına çevrilir. İnsanlar aylarla davam etməli olan sağlam arıqlama prosesini bir neçə həftəyə və ya hətta bir neçə günə sığışdırmağa çalışırlar. Düşünürəm ki, insanların sürətli arıqlamağa meyl göstərməsinin əsas səbəblərindən biri nəticəni qısa müddətdə görmək istəkləridir. Müasir dövrdə hər şeyin sürətlə baş verməsinə alışmış cəmiyyət uzunmüddətli proseslərə səbir göstərməkdə çətinlik çəkir. Bu səbəbdən də arıqlamaq istəyən şəxslər qidalanma rejimini dəyişmək, idmanla məşğul olmaq və həyat tərzini tədricən sağlamlaşdırmaq əvəzinə, daha asan görünən yollar axtarırlar. Məhz bu məqamda müxtəlif arıqlama metodları geniş yayılmağa başlayır.
Bu gün arıqlamaq məqsədilə istifadə olunan üsulların sayı kifayət qədər çoxdur. Kalori hesablamasına əsaslanan pəhrizlər, zülal ağırlıqlı qidalanma proqramları, uzunmüddətli aclıq metodları, detoks proqramları, müxtəlif bitki tərkibli məhsullar, arıqlama çayları, qida əlavələri və hətta tibbi nəzarət olmadan qəbul edilən preparatlar insanların ən çox müraciət etdiyi vasitələr sırasındadır. Bəzi hallarda bu metodlar müəyyən nəticə versə də, onların hamısının təhlükəsiz olduğunu söyləmək mümkün deyil. Çünki insan orqanizmi fərqlidir və bir nəfər üçün faydalı görünən üsul digər şəxs üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Xüsusilə son dövrlərdə pəhriz qidaları və xüsusi arıqlama menyuları hazırlayan müəssisələrin sayı artıb. İnsanlar gündəlik qidalanmalarını bu xidmətlər vasitəsilə tənzimləməyə çalışırlar. Bu, müəyyən mənada sağlam seçim sayıla bilər. Çünki balanslaşdırılmış və kalorisi hesablanmış qidalanma çəki nəzarətində mühüm rol oynayır. Lakin problem ondadır ki, bəzi insanlar bu qidalanma proqramlarını mütəxəssis məsləhəti olmadan seçir, öz sağlamlıq vəziyyətlərini nəzərə almır və qısa müddətdə böyük nəticələr əldə etməyə çalışırlar. Arıqlamaq üçün tətbiq edilən metodlar arasında ən riskli istiqamətlərdən biri də müxtəlif preparatların və qida əlavələrinin nəzarətsiz istifadəsidir. Bir çox reklamlar insanlara heç bir fiziki aktivlik və xüsusi qidalanma rejimi olmadan sürətli çəki itkisinin mümkün olduğunu vəd edir. Maraqlıdır, sürətli arıqlama vədləri nə dərəcədə realdır və sağlam çəki itirmə prosesi əslində necə olmalıdır?insanların ən çox etdiyi pəhriz səhvləri hansılardır və bu səhvlər sonradan hansı sağlamlıq problemlərinə səbəb olur? Sağlam şəkildə arıqlamaq istəyən bir insan pəhriz seçərkən hansı meyarlara diqqət etməli və hansı "möcüzəvi" vədlərdən uzaq durmalıdır? Bu suallara cavab tapmaq üçün mövzu ilə bağlı Uzman dietoloq Şəbnəm Nəzərova Olaylar.az-a açıqlama verib:
" Sosial mediada "təbii", "bitki tərkibli", "möcüzəvi və sürətli arıqlama" adı ilə təhlükəli məhsullar reklam olunur. Arıqlama çaylarının böyük hissəsi sidikqovucu təsir göstərir. İnsan düşünür ki, yağ kütləsi itirir ancaq tam tərsi şəkildə su itkisi, susuzlaşma, təzyiq düşməsi, ürək ritm pozğunluğu, bağırsaq problemləri yarana bilir. Bundan əlavə arıqlama iynələri adı altında olan preparatlar bəzi hallarda xüsusilə obesity, diabet və ciddi metabolik problemlərdə həkim nəzarəti ilə istifadə oluna bilər. Hazırda bu preparatların yarar və zərərləri ilə bağlı elmi araşdırmalar dəvam edir. Nəzarətsiz və düzgün qaydada istifadə edilmədiyi zaman ən çox gorülən problemlər mədə bağırsaq problemləri olur. Və insanlar həyat tərzlərini, qidalanma rejimlərini düzəltmədikləri təqdirdə bir müddət sonra əzələ kütləsi itirə və müalicə bittikdən sonra yenidən çəki problemləri yaşaya bilirlər.
Sağlam arıqlamanın əsas prinsipi enerji balansıdır: orqanizmə daxil olan enerji, sərf edilən enerjidən bir qədər az olmalıdır. Amma bu proses hər insanda eyni şəkildə getmir. Çünki hər insanın metabolizmi, xəstəlik vəziyyəti, hormon sistemi, həyat tərzi və genetik xüsusiyyətləri fərqlidir. Buna görə də "hamıya uyğun tək bir diyet" anlayışı elmi olaraq doğru deyil. Bizim yanaşmamız budur ki, hər insanın qidalanma planı onun barmaq izi kimi fərdi olmalıdır, yəni tamamilə şəxsi, ona uyğunlaşdırılmış şəkildə qurulmalıdır. Burada əsas məqsəd sadəcə tərəzidə görünən rəqəmi azaltmaq deyil. Biz mütəxəssislər həftədə sağlam aralıq olduğu üçün yalnız 500 q-1kq arası çəki itkisi gözləyirik. Sağlam arıqlama: yağ kütləsinin azalması, əzələ kütləsinin qorunması, vitamin-mineral çatışmazlığının yaranmaması və verilən çəkinin geri qayıtmaması üçün doğru şəkildə ilərləmək və daha çox alınan çəkinin geri qayıtmaması üçün öyrədici və sağlam həyat tərzinə uyğun bir müddət deməkdir.
İnsanların ən çox etdiyi pəhriz səhvləri möcüzəvi qidalar, çox aşağı kalorilərlə qidalanaraq bəzən orqanizm üçün önəmli vitamin-mineral tərkibinə sahib və əsas enerji mənbəyi olan karbohidratları rasiondan tamamilə çıxarmaqdır. Karbohidratlar qidalardan aldığımız enerjinin %50-i təşkil edir. Bizlər çörək kimi taxıl mənbələrini rasiondan tamamilə çıxarmaq əvəzinə onların arasında lif tərkibi də yüksək olan tam buğda unu, çovdar, qarabaşaq unu ilə hazırlanmış daha sağlam alternativlər ilə əvəz etməliyik. Və aldığımız qidaların tərkibinin təmiz olmasına diqqət etməliyik. Bu cür qidaları uzun müddətli rasiondan çıxarmaq enerji alımının pozulmasına, vitamin mineral itkilərinə gətirib çıxara bilir.
Ümumiyyətlə doğru pəhriz menyusu hər qida qrupunun ən sağlam şəkildə və fərdi yanaşma da nəzərə alınaraq rasiona daxil edilməsindən ibarətdir. Yəni bizim günlük rasionumuzda paxlagillər, taxıl qrupu, zülal tərkibi zəngin qidalar, zeytun yağı, ceviz və badam kimi yağlı toxumlar, tərəvəz və meyvə qrupundan qidaların mövcud olması əsas amildir. Bilməliyik ki, qısa müddətdə yüksək çəki itkisi daha çox su, ödəm atımı ilə əlaqəli olur və uzun müddətdə Bazal Metobalizma sürətimizdən çox aşağı olan pəhrizlər yüksək əzələ kütləsi itkisinə gətirib çıxara bilir. Bununla birlikdə saç tökülməsi, mineral vitamin itkisi, qadınlarda menstruasiya problemleri, halsızlıq, diqqət əksikliyi görülə və bir çox hormonal pozğunluqlara gətirib çıxara bilir".
Nəticə etibarilə, artıq çəki ilə mübarizə sağlam həyat tərzinin vacib hissəsi olsa da, bu prosesin düzgün aparılması xüsusi əhəmiyyət daşıyır. Çünki məqsəd sadəcə arıq görünmək deyil, sağlam və keyfiyyətli həyat sürməkdir. Sürətli nəticə vədləri, möcüzəvi vasitələr və nəzarətsiz metodlar qısamüddətli sevinc yaratsa da, uzunmüddətli perspektivdə sağlamlığa ciddi zərbə vura bilər. Bu səbəbdən arıqlamaq istəyən hər bir insan ilk növbədə öz orqanizminin ehtiyaclarını anlamalı, mütəxəssis məsləhətlərinə əməl etməli və sağlamlığını riskə atmadan ideal çəkiyə çatmağın yollarını seçməlidir.
Zeynəb Mustafazadə