Uşaqlar üçün anlaşıqlı dərslik hazırlamaq asan deyil - Anar Bağırov
17:01 SosialUşaq hüquqları sahəsində həm tədqiqat aparmaq, həm də uşaqlar üçün anlaşıqlı dərslik hazırlamaq asan deyil.
Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" adlı kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, bunun üçün həm iradə, həm resurs, həm də işin vacibliyinə səmimi inam lazımdır və Komitə bunların hamısını ortaya qoyub.
"Məni sevindirən başqa bir məqam da odur ki, "Uşaqlar və Hüquq" kitabının müəllifi olan Abil Bayramov Vəkillər Kollegiyasının üzvüdür və bu, bizim üçün qürurverici haldır. Çünki bu fakt həm vəkil ictimaiyyətinin uşaq hüquqlarına bağlılığını göstərir, həm də Kollegiya üzvlərinin cəmiyyətə, xüsusilə uşaqlara dəyərli töhfələr verdiyini təsdiqləyir. Ona görə də Abil müəllimə təşəkkür edirəm.
Bu gün təqdim olunan tədqiqatda diqqətimi çəkən əsas məqamlardan biri odur ki, hüquq düşüncəsi cəmiyyətin əsas dayaqlarındandır və xüsusilə yeniyetməlik dövründə formalaşması çox önəmlidir. Bu dövr insanın şəxsiyyətinin, məsuliyyət hissinin və dəyərlərinin formalaşdığı bir mərhələdir və burada düzgün istiqamət gələcək cəmiyyət üçün də əsas yaradır.
Tədqiqatın məqsədi də yeniyetmələrin hüquq düşüncəsinin vəziyyətini anlamaq, ona təsir edən sosial və psixoloji amilləri müəyyənləşdirmək və mövcud boşluqları üzə çıxarmaqdır. Çünki belə bir empirik baza olmadan hüquqi maarifləndirmə siyasəti tam düzgün qurula bilməz.
Gündəlik həyatda biz müxtəlif hüquqi situasiyalarla qarşılaşırıq və eyni şey uşaqlar üçün də keçərlidir. Ona görə hüquq və vəzifələrin sadə dildə izahı, ədalət və məsuliyyət hissinin aşılanması çox vacibdir. Bu baxımdan "Uşaqlar və Hüquq" kitabı böyük bir boşluğu dolduran ilk ciddi addımlardan biridir.
Kitabın məqsədi sadəcə hüquq maddələrini əzbərlətmək deyil, uşaqlara real həyat situasiyaları üzərindən hüququ anlamaq imkanı verməkdir. Bu yanaşma həm daha sadə, həm də daha faydalıdır.
Demokratik cəmiyyətdə uşaqların hüquqlarının qorunmasında vəkilin rolu çox önəmlidir. Vəkil çox vaxt özünü ifadə etməkdə çətinlik çəkən uşağın səsi olur, onun hüquqlarını müdafiə edir və yanında dayanır. Uşağın hüquq sistemi ilə ilk təması da çox vaxt məhz vəkil vasitəsilə olur və bu təcrübə onun gələcək baxışlarını formalaşdırır.
Əgər bu təmas ədalətli və peşəkar olarsa, uşaq hüquqa inanan bir insan kimi böyüyür, əks halda isə bu inam zədələnə bilər. Ona görə də bu məsuliyyət çox böyükdür.
Vəkillər Kollegiyası olaraq biz də bu məsuliyyəti dərk edirik. Uşaq hüquqları sahəsində maarifləndirmə, təlimlər, pulsuz hüquqi yardım imkanlarının genişləndirilməsi və məktəblərlə əməkdaşlıq bizim əsas istiqamətlərimizdəndir.
Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq da bu sahədə çox mühüm nəticələr verir və uşaq hüquqlarının daha effektiv müdafiəsinə xidmət edir. Hüquq təkcə qanunlar toplusu deyil, bir mədəniyyətdir. Bu mədəniyyətin uşaqlara düzgün şəkildə çatdırılması bizim hamımızın ortaq vəzifəsidir", - o qeyd edib.Trend.az