Mediasiya Şurasının nümayəndələri Çinin BMT-dəki keçmiş nümayəndəsi ilə görüşüblər- ÖZƏL
15:17 Sosial2 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri Leyla Şahbazova və mediator Günay Cəfərova Çin Xalq Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı keçmiş nümayəndəsi, təcrübəli diplomat Sun Jiwen ilə görüş keçiriblər. Şuradan "Olaylar"a bildirilib ki, Çin Xalq Respublikasında təşkil olunan beynəlxalq seminarlar çərçivəsində nümayəndə heyətinin Pekində son günü məhz bu görüşlə yekunlaşıb. Görüş zamanı Mediasiya Şurasının fəaliyyəti, ölkəmizdə mediasiya institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, habelə mübahisələrin alternativ həlli mexanizmi kimi mediasiyanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Cənab Sun Jiwen Azərbaycan Respublikasında mediasiya sahəsində aparılan islahatlar və bu sahədə əldə olunan nailiyyətlərlə maraqlanıb.
Qeyd edək ki, Sun Jiwen Çinin Xarici İşlər Nazirliyində və ölkəsinin müxtəlif xarici nümayəndəliklərində məsul vəzifələrdə çalışıb. O, Çinin BMT-nin Cenevrədəki bölməsi yanında Daimi Nümayəndəliyində xidmət göstərmiş, daha sonra Strasburqda baş konsul, 2012-2016-cı illərdə isə Qabon Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində fəaliyyət göstərib.