Ailə qurmaq üçün dünyanın ən pis şəhərləri AÇIQLANDI

"Compare the Market" tərəfindən hazırlanan beynəlxalq araşdırmada ailə həyatı üçün ən əlverişli və ən əlverişsiz şəhərlər müəyyən edilib.

Musavat.com xəbər verir ki, təhlükəsizlik, yaşayış xərcləri, yaşıl sahələr, valideyn məzuniyyəti, təhsil xərcləri və uşaqlar üçün imkanlar kimi meyarlar əsasında aparılan qiymətləndirmə nəticəsində dünyanın ailə qurmaq üçün ən çətin şəhərlərinin siyahısı hazırlanıb.

Araşdırmada dünyanın 50 böyük şəhəri müqayisə olunub. Siyahının aşağı pillələrində yüksək yaşayış xərcləri, təhlükəsizlik problemləri və ailələr üçün məhdud imkanlar ilə seçilən şəhərlər yer alıb. Türkiyədən isə yalnız bir şəhər - İstanbul reytinqə daxil olub. Şəhər 50 şəhər arasında 45-ci yerdə qərarlaşıb və ailə həyatı üçün ən zəif nəticə göstərən şəhərlər sırasına düşüb.

Tədqiqat müəlliflərinin fikrincə, İstanbulun aşağı mövqedə qərarlaşmasına əsas səbəblərdən biri yüksək yaşayış xərcləri, sıx əhali, nəqliyyat problemləri və ailələr üçün əlverişli şərait baxımından digər şəhərlərlə müqayisədə daha aşağı göstəricilər əldə etməsidir.

Araşdırmada ailə həyatı üçün ən yaxşı nəticə göstərən şəhər isə Brisbane olub. İlk sıralarda həmçinin London, Auckland və Helsinki kimi şəhərlər yer alıb.

Mütəxəssislər qeyd edirlər ki, ailə qurmaq üçün ideal şəhərin seçimi hər ailənin prioritetlərindən asılıdır. Bununla belə, təhlükəsizlik, həyat keyfiyyəti, yaşıl məkanların mövcudluğu və uşaqlar üçün imkanlar reytinqdə ən çox təsir edən amillər arasında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31