Uşaqları günvurmadan necə qoruyaq? - ÖZƏL
12:32 Sosial"Uşaqları günəş şüalarının zərərli təsirindən qorumaq üçün saat 11:00 ilə 16:00 arasında gəzintiyə çıxmaqdan çəkinmək lazımdır. Təbii parçalardan (kətan, pambıq) hazırlanmış, açıq rəngli, günəş şüalarını əks etdirən (yəni istiliyi özünə çəkməyən), dərini örtən və nəfəs alan geyimlərə və papaqlara üstünlük verilməlidir". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova deyib: "Susuzluq hissinin yaranmasını gözləmədən uşaqlara tez-tez maye (su, təbii şirələr) verilməlidir. Həmçinin, mütləq günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Çimərlikdə üzmək və kölgədə istirahət etmək arasında müəyyən fasilələr (növbələşmə) təyin olunmalıdır.
Qeyd edim ki, uşaqlarda üzün qızarması, yüksək hərarət, baş ağrısı, halsızlıq, ürəkbulanma, qusma, nəbzin sürətlənməsi günvurma əlamətlərindən hesab edilir. Bu zaman ilkin yardım uşağı dərhal kölgəli və sərin bir məkana apararaq baş tərəfini bir qədər qaldırmaqla uzatmaq, paltarlarını çıxarıb və ya yaxasını açaraq havalandırmanı yaxşılaşdırmaqdır. Üzü sərin su ilə islatmaq, alına, qoltuqaltına və qasıq nahiyyəsi soyuq kompres qoymaq, həmçinin uşağa sərin su içirtmək lazımdır. Bu ilkin yardım tədbirləri kömək etməsə, təcili yardım çağırılmalıdır".