Ölkəmiz Avropanın və regionun yaşıl enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilib- ÖZƏL
14:50 Sosial"Bəşəriyyətin qarşılaşdığı iqlim böhranı və resursların sürətlə tükənməsi təhlükəsi bizdən sadəcə müvəqqəti tədbirlər deyil, sivilizasiya səviyyəsində bir düşüncə inqilabı tələb edir. Əsrlərdir davam edən xətti iqtisadiyyat modeli - yəni təbiətdən "götür, istehsal et və tulla" yanaşması - artıq özünü tamamilə tükətmişdir. Bu gün biz "0 atık" (Zero Waste) fəlsəfəsini, enerji səmərəliliyi və resursların idarə edilməsini bir-birindən ayrı deyil, dayanıqlı gələcəyin vahid və bütöv memarlığı kimi nəzərdən keçirməliyik." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov İstanbulda Sıfır Tullantı Forumu çərçivəsində keçirilən Enerji üzrə Yüksək Səviyyəli Dialoq iclasında çıxışında deyib: "Bəşəriyyət böyük bir fəlakətin astanasındadır. Sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də nəqliyyat, isitmə və soyutma sistemlərinin fəaliyyəti iqlim dəyişikliklərinə birbaşa təsir göstərir. Bu 51 milyard ton atıkdan "0"-a doğru paradiqmanın meydana çıxmasına səbəb olub.
Önümüzdə dayanan bu paradiqmanın əsas hədəf və fundamental sualı budur: 51 milyard ton parnik qazının miqdarını aşağı salaraq sıfıra necə çevirmək olar və nə üçün məhz sıfır? Bu vəziyyətin yaxşılaşdırılması üçün konkret olaraq fərdlər, əməkdaşlar, sahibkarlar və dövlətlər birgə şəkildə nə etməlidirlər?
Bu sual sadəcə texnoloji deyil, həm də etik bir sualdır. Məşhur alman filosofu Armin Qrunvaldın texnologiya etikası sahəsində vurğuladığı kimi: Biz texnologiyanı elə idarə etməliyik ki, o, insanın muxtariyyətini və planetin gələcəyini təhdid etməsin. Biz gəncliyində sistemlərin çöküşünü, sosializmdən kapitalizmə böyük keçid dövrlərini görmüş və azadlıq uğrunda mübarizə aparmış bir nəslik. O zaman mübarizəmiz milli və siyasi azadlıq üçün idi. Bu gün isə bizim növbəti böyük mübarizəmiz - planetimizin və gələcək nəsillərin resurs asılılığından, rəqəmsal israfdan və iqlim fəlakətindən azad olunması mübarizəsidir. Buna görə də bizim qurduğumuz yaşıl texnologiya modelləri mütləq şəkildə "insanı və təbiəti qoruyan texnologiya" prinsiplərinə əsaslanmalıdır".
Millət vəkili qeyd edib ki, bu qlobal çağırışlar fonunda Azərbaycan sadəcə bir müşahidəçi deyil. Ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi üçün çox güclü qanunvericilik bazası formalaşdırılmışdır: "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında" və "Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı haqqında" qəbul edilmiş qanunlar bu sahədəki fəaliyyətimizin hüquqi sütunlarıdır.
Bu hüquqi baza ölkənin uzunmüddətli strateji vizyonu ilə tamamlanır. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş və 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli Prioritetlərdə "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" strateji hədəf olaraq müəyyən edilmişdir. Cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörən yaşıl enerji strategiyası sayəsində Azərbaycan, Paris Sazişi öhdəliklərinə uyğun olaraq 2050-ci illa qədər istixana qazı emissiyalarını 40% azaltmağı hədəfləyən qətiyyətli bir dövlətə çevrilmişdir.
Biz bu strateji hədəfləri real torpaq üzərində bərpa edirik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionları rəsmi olaraq "Yaşıl Enerji Zonası" elan edilmişdir və bu ərazilərin 2050-ci il hədəfi tamamilə "Net-Zero" (Xalis Sıfır Emissiya) zonasına çevrilməkdir. Zəngilanda Ağalı "Ağıllı kənd" layihəsini, Füzulidə və Ağdamda qurulan "Ağıllı şəhər" infrastrukturunu nəzərdən keçirərkən biz sadəcə müasir binalar görmürük. Biz orada Armin Qrunvaldın bəhs etdiyi insan-təbiət harmoniyasını tətbiq edirik: bu şəhər və kəndlərdə alternativ idarəetmə və "0 atık" prinsipləri tətbiq edilir, məişət tullantıları resurs kimi yenidən dövriyyəyə qatılır. Binaların üzərində quraşdırılmış 5 MW-dan çox günəş panelləri, ağıllı işıqlandırma və izolyasiya texnologiyaları enerjiyə qənaəti maksimuma çatdırır. Bölgənin su ehtiyatlarından səmərəli istifadə edilərək ümumi gücü 307 MW olan 38 hidroelektrik stansiyası artıq istismara verilmişdir.
Azərbaycanın yaşıl keçid sahəsindəki bu unikal təcrübəsi onu qlobal iqlim və şəhərsalma siyasətinin mərkəzinə çevirdi. Bakıda keçirilən COP29 İqlim Konfransı dünya ekologiya tarixində dönüş nöqtəsi oldu. COP29-un ən böyük tarixi nəticəsi - inkişaf etməkdə olan ölkələrin yaşıl keçidi, o cümlədən enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni qlobal maliyyə hədəfinin (Bakı Maliyyə Məqsədi) qəbul edilməsi oldu. Bu qərarlar təmiz və az tullantılı texnologiyaların tətbiqi zamanı qarşıya çıxan əlavə xərcləri, yəni Bill Qeytsin "How to Avoid a Climate Disaster"əsəyində qeyd etdiyi "Yaşıl Mükafatı" (Green Premium) aradan qaldırmaq üçün qlobal investisiya axınını sürətləndirdi. Bu qlobal xətt Bakının ev sahibliyi etdiyi WUF13 (13-cü Ümumdünya Şəhərsalma Forumu) ilə birbaşa tamamlanır. COP29-da qəbul edilən iqlim maliyyəsi və strategiyaları, WUF13-də "Davamlı və Yaşıl Şəhərlərin İnşası" vizyonu ilə praktiki müstəviyə keçdi.
Dünyada yaranan atıkların və istehlak olunan enerjinin 70%-dən çoxu şəhərlərin payına düşür. WUF13 bizə açıq şəkildə göstərdi ki, urbanizasiyanı "0 atık" və enerji səmərəliliyi prinsipləri ilə idarə etmədən iqlim fəlakətinin qarşısını almaq qeyri-mümkündür. Bizim Qarabağda reallaşdırdığımız layihələr məhz bu qlobal forumların arzuladığı gələcək modelidir. Biz vizyonumuzu real rəqəmlərlə, irimiqyaslı layihələrlə və qlobal miqyaslı Yaşıl Enerji Dəhlizlərimizlə gücləndiririk. Bu gün ölkəmiz Avropanın və regionun yaşıl enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilmək üçün strateji dəhlizlərin inşasına rəhbərlik edir:
1. Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi: Xəzər dənizinin 157 GW nəhəng texniki külək potensialından qaynaqlanan yaşıl elektrik enerjisi Gürcüstan və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Rumıniya və Macarıstana, oradan isə bütün Avropa bazarına ötürüləcəkdir. İlkin mərhələdə bu dəhlizlə 4 GW (4000 MW) yaşıl enerjinin ixracı hədəflənir.
2. Mərkəzi Asiya-Azərbaycan-Avropa Dəhlizi: Qazaxıstan və Özbəkistanın nəhəng bərpa olunan enerji resursları Azərbaycanın şəbəkəsi ilə inteqrasiya olunur. Mərkəzi Asiyanın yaşıl enerjisinin Xəzər dənizinin dibi ilə ölkəmizə, buradan isə Avropaya nəqli üçün üçtərəfli strateji saziş uğurla icra edilir.
3. Naxçıvan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi: "Yaşıl Enerji Zonası" olan Naxçıvanın yüksək günəş enerjisi potensialı yaradılacaq infrastruktur və ötürücü xətlər vasitəsilə qonşu Türkiyə bazarına, oradan isə qitə Avropasına çatdırılacaqdır.
4. Azərbaycan-Türkiyə-Avropa (Cənub Qaz Dəhlizinin Yaşıl Transformasiyası): Mövcud regional infrastruktur imkanlarından istifadə edərək, gələcəkdə daxili bərpa olunan enerji hesabına sərbəstləşəcək təbii qaz həcmlərinin və ya infrastrukturun imkan verdiyi dərəcədə "yaşıl hidrogenin" birbaşa Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutan strateji ekoloji inteqrasiya xəttidir.
Bu dəhlizləri daxili gücümüzlə bəsləyən 230 MW-lıq Qaradağ GES, inşası davam edən 240 MW-lıq Xızı-Abşeron Külək Elektrik Stansiyası, Cəbrayıldakı 240 MW-lıq "Şəfəq", həmçinin Biləsuvarda 445 MW və Neftçalada 315 MW gücündəki meqa layihələr dövlətimizin yaşıl mühərriki rolunu oynayır.
"0 atık" və enerji səmərəliliyi sadəcə sənayenin yox, fərdi və kollektiv təfəkkürün transformasiyasıdır. COP29-un qlobal qərarları, WUF13-ün yaşıl şəhərsalma vizyonu və Azərbaycanın Qarabağda yaratdığı ağıllı reallıq bircə həqiqətə xidmət edir: Resursları israf etməyə artıq heç birimizin lüksü yoxdur. Gələcək nəsillərə sadəcə hesabatlar və rəqəmlər deyil, təmiz, yaşana bilən və dayanıqlı bir dünya miras qoymaq hər birimizin bəşəri borcudur. Gəlin bu gələcəyi həm etika, həm qanun, həm elm, həm də real əməllərimizlə birlikdə inşa edək".