Cəmiyyətdə müəllim nüfuzunun qorunması mühüm əhəmiyyət kəsb edir- ÖZƏL
10:13 Sosial"Müəllim cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində və vətənpərvər gəncliyin yetişdirilməsində müstəsna rola malikdir. Hər bir xalqın gələcəyi onun təhsil sistemindən, təhsil sisteminin uğuru isə müəllimlərin peşəkarlığından və fədakarlığından keçir". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Ceyhun Məmmədov deyib: "Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və müəllim əməyinə daim yüksək qiymət verib. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin sosial rifahının yaxşılaşdırılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar bu siyasətin uğurla davam etdirildiyini göstərir.
Müasir dövrdə müəllim yalnız bilik verən şəxs deyil, eyni zamanda gənclərə düzgün həyat yolu göstərən, onları milli və mənəvi dəyərlər ruhunda tərbiyə edən, cəmiyyətin gələcəyini formalaşdıran ziyalıdır. Bu baxımdan müəllim nüfuzunun qorunması və cəmiyyətdə ona olan hörmətin daha da artırılması xüsusi əhəmiyyət daşıyır. Odur ki, müəllim əməyinə verilən dəyərin təbliği, təhsil ictimaiyyəti arasında əməkdaşlığın gücləndirilməsi və gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması mühüm əhəmiyyət kəsb edir".