Uşaqların əlindən telefonları almaq mümkün deyil - Rəşad Məcid
14:48 SosialMən hesab edirəm ki, bu qanun qəbul olunmalıdır və buna ehtiyac var. Yəqin ki, parlamentdə də müzakirələrdən sonra qəbul ediləcək. Amma eyni zamanda özümüzü aldatmamalıyıq.
Trend xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil:
"Onların həyatı artıq böyük ölçüdə internetdə və sosial mediada cərəyan edir. Bu gün hətta dərs hazırlığında, məlumat axtarışında və müxtəlif tapşırıqların yerinə yetirilməsində süni intellekt alətlərindən, o cümlədən ChatGPT kimi platformalardan istifadə olunur. Biz artıq yeni bir dünyada yaşayırıq və bu reallığı nəzərə almalıyıq.
Bu baxımdan hesab edirəm ki, ictimai nəzarət və ictimai qınaq mexanizmləri də vacib rol oynayır. Necə ki, 50 il əvvəl valideynlər övladlarının kimlərlə ünsiyyətdə olduğuna, hansı mühitlərdə vaxt keçirdiyinə diqqət yetirirdilər, bu gün də həmin nəzarət virtual mühitdə həyata keçirilməlidir".
Rəşad Məcid qeyd edib ki, platforma provayderlərinin bir ildən sonra hansı texnoloji həlləri təqdim edəcəyini bu gün tam şəkildə proqnozlaşdırmaq mümkün deyil və bu dəyişikliklərlə ayaqlaşmaq lazımdır.
"Qanunvericilik isə təbiəti etibarilə hər zaman texnoloji inkişafın bir qədər arxasınca gəlir. Ona görə də hesab edirəm ki, müəyyən süzgəclərin və filtrlərin tətbiqi ilə uşaqları zərərli vərdişlərdən və risklərdən müəyyən qədər uzaq saxlamaq mümkündür.
Eyni zamanda bugünkü müzakirələrdə "İnformasiyalaşdırma, informasiyanın əldə edilməsi və mühafizəsi haqqında" qanunvericilik çərçivəsində ictimai mənəviyyata zərər vuran, söyüş və təhqir xarakterli məzmun yayan sosial media istifadəçilərinə qarşı tədbirlərin nəzərdə tutulması məsələsi də qeyd edildi. Məncə, bu məqam da xüsusi vurğulanmalıdır", - o vurğulayıb.