Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər

Azərbaycanda hərbi xidmət hər bir kişi vətəndaşın konstitusion borcu hesab olunur. Son illər təhsildə yüksək nəticələr göstərən gənclərin bu sahədə müəyyən güzəştlərlə təmin edilməsi məsələsi müzakirə mövzusudur. Mütəxəssislər hesab edirlər ki, ölkənin intellektual potensialını formalaşdıran, elm və təhsildə uğur qazanan gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək üçün yeni mexanizmlərin yaradılmasına ehtiyac var.

Bəs məktəbi yüksək nəticələrlə və ya fərqlənmə ilə bitirən məzunlar üçün hərbi xidmət sahəsində xüsusi güzəştlər tətbiq oluna bilərmi?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekspert Üzeyir Cəfərov orta təhsili uğurla başa vuran gənclərə həm hərbi xidmətə çağırış zamanı, həm də cəmiyyətdə xüsusi diqqət göstərilməli olduğunu bildirib.

"Uzun illərdir deyirəm ki, əgər orta təhsili uğurla başa vuran, elmə, mədəniyyətə və yeniliyə meyilli gənclərimiz varsa, onlara maksimum şərait yaratmaq lazımdır. Belə gəncləri həm hərbi xidmətə çağırış zamanı, həm də cəmiyyətdə qorumalıyıq", - deyə
Üzeyir Cəfərov vurğulayıb.

Ekspert bu fikrini yaxın zamanda qarşılaşdığı bir hadisə ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyasının məzunu olmuş, İsraildə magistr təhsili alan və müxtəlif xarici ölkələrdə təcrübə keçən Ceyhun Hüseynov yüksək hazırlıqlı və perspektivli gənclərdən biri idi. Lakin o, Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirərkən, xidmətinin başa çatmasına cəmi 20 gün qalmış həyatını itirib.

"Biz bu cür savadlı və perspektivli gəncləri qorumalıyıq. Onların bilik və bacarıqlarından dövlətin inkişafı naminə istifadə edilməlidir.

Hər kəs fərqlənmə diplomu almaq imkanına malik olmur. Buna baxmayaraq, yüksək nəticələr göstərən məzunlar üçün hərbi xidmətlə bağlı müəyyən güzəştlər və imtiyazlar hazırlanmalıdır.

Bu istiqamətdə hələ də müəyyən boşluqlar var. Hesab edirəm ki, fərqlənmə ilə və ya yüksək nəticələrlə təhsilini başa vuran məzunlar üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır. Bununla bağlı Milli Məclisin müvafiq komitələrinə və Elm və Təhsil Nazirliyinə müraciət edirəm. Məzunlar üçün konkret güzəşt və imtiyaz mexanizmləri hazırlanmalı və tətbiq olunmalıdır", - deyə o, bildirib.

Hərbi ekspert əlavə edib ki, Azərbaycanda alternativ xidmət haqqında qanunun qəbulu da gündəmə gətirilməli və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Onun sözlərinə görə, belə mexanizmlər həm gənclərin potensialının qorunmasına, həm də ölkənin intellektual resurslarının inkişafına töhfə verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31