Sosial şəbəkələr uşaqlarda asılılıq yarada bilir -Nazir müavini
12:49 Sosial"Səhiyyə Nazirliyi olaraq biz bu məsələni aparıcı mütəxəssislərlə, pediatrlarla, psixiatrlarla və digər ekspertlərlə müzakirə etmişik. Burada Səhiyyə Nazirliyinin mövqeyini deyil, daha çox mütəxəssislərin rəyinə əsaslanan həkim mövqeyini səsləndirmək istəyirəm". "Olaylar" xəbər verir ki, bunu səhiyyə nazirin müavini İlqar Qasımov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
Mazir müzvini bildirib ki, aparılan tədqiqatlar müəyyən problemlərin mövcud olduğunu göstərir: "Burada əsas məsələ uşaqların real həyatdan uzaqlaşmasıdır. Biz bilirik ki, əvvəlki nəsillər daha çox real sosial münasibətlər içərisində formalaşıb. Sosial şəbəkələr isə dopamin ifrazını artırır və nəticədə asılılıq yarada bilir. Bu, həqiqətən də ciddi problemdir və onun sadə həlli yoxdur. Mütəxəssislərin ümumi fikri ondan ibarətdir ki, yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və istifadə vaxtının tənzimlənməsi vacibdir. Müxtəlif proqramlar vasitəsilə bu nəzarətin həyata keçirilməsi mümkündür.
Eyni zamanda nəzərə almaq lazımdır ki, 16 yaşdan sonra uşaqlar daha sərbəst şəkildə rəqəmsal mühitdən istifadə etməyə başlayırlar. Bundan başqa, xüsusi həssas qruplar da mövcuddur. Məsələn, autizm spektrində olan və ya sosial baxımdan daha qapalı uşaqlar üçün sosial şəbəkələr müəyyən hallarda ünsiyyət vasitəsinə çevrilə bilir. Ona görə də bu məsələlərə fərdi yanaşmaq lazımdır. Müəyyən məhdudiyyətlərin tətbiqi lazımdır və bəlkə də dünya miqyasında bu addımlar bir qədər gec atılıb. Lakin uşaqların vəziyyətini qiymətləndirərkən ilk növbədə ailənin və valideynlərin rolunu nəzərə almaq lazımdır.
Əgər müəyyən qadağalar tətbiq olunursa, onların alternativləri də təqdim edilməlidir. Bu, idman fəaliyyətləri, məktəbdənkənar məşğələlər və ya digər sosial fəaliyyətlər ola bilər".