Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir-Deputat

"Hazırda İnformasiya-kommunikasiya texnologiyaları dövrümüzün ən vacib tələblərindən biridir. Bu gün elə bir sahə yoxdur ki, yeni nəsil texnologiyaların xidmətindən istifadə edilməsin. İnternet, Sosial Media hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır. Və indi demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallıqlarıdır. Ölkə başçısı İlham Əliyev  dəfələrlə öz çıxışlarında bildirir ki, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır". Dövlətimiz  tərəfindən həyata keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet məsələlərdəndir. Bu sahədə kompleks yanaşma nümayiş etdirilir. Belə ki, müvafiq strateji sənədlər, normativ hüquqi aktları, fəaliyyət planları qəbul edilir. Həmçinin, institusional mexanizm formalaşdırırlır. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyevadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Əlbəttə ki, hər bir inkişafın pozitiv və neqativ tərəfləri var. Rəqəmsal inkişaf dövlətimiz üçün, qlobal çağırışlara hazır olmağımız üçün  mühümdür. Lakin, bu siyasət düşünülmüş şəkildə,  vətəndaşlarımız, o cümlədən, uşaqlarımız üçün  faydalı şəkildə həyata keçirilir. Mümkün ola biləcək fəsadların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
     Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir. Gələcəyə olan ümidi, sərmayəsidir.  Azərbaycanda uşaqların müdafiəsi  yüksək səviyyədə qorunur. Onların sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar yaradılır. Uşaqlara qayğı Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir. Və uşaqların zərərli təsirlərdəndən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Və bu gün bir çox dövlətlərin qarşında  dayan  vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ- uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir. Hansı problemlər var? Dünyada Müxtəlif tədqiqatlar aparılır. Bir neçə misal göstərmək istərdim: Məsələn, 10-15 yaşlı Avstraliya uşaqlarının 96%-i sosial mediadan istifadə edir və onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı qızların 71%-i, oğlanların isə  54:-i kiberzorakılıqla qarşılaşır. Kiberhücumun nəticələri ciddidir: Amerikalı yeniyetmələrin 19,2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib.  Kiberbullinqə məruz qalan yeniyetmələr arasında 12%-i son bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib. Ən yüksək riskə malik platformalar: İnstaqram kiberzorakılıq hadisələrində liderdir (42%), ardınca Facebook (37%) və Snapchat (31%) gəlir. Digər tədqiqatlar YouTube-un ən yüksək göstərici olduğunu müəyyən edib: YouTube-dakı uşaqların 79%-i kiberhücuma məruz qalıb, ardınca Snapchat (69%), TikTok (64%) və Facebook (49%) gəlir.
Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90 tam onda səkkiz olub.  Bu göstərici 6-15 yaş qrupu üzrə  isə 90 tam onda 1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63 tam onda 5  faizi  övladının sosial mediadan istifadə etdiyini, 36 tam onda 5 faizi  isə istifadə etmədiyini bildirib. Əlbəttə ki, bu rəqəmlər bizi düşündür və eyni zamanda narahat edir. Uşaqların İKT-dən, sosial mediadan istifadə etməsi  müsbət haldırmı? Yoxsa  mənfi haldır? Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir: Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr yaş məhdudiyyəti tətbiq edir, ABŞ və bəzi Avropa ölkələrində valideyn nəzarəti sistemləri yaradılıb. Çində sərt dövlət tənzimləmələri tətbiq olunur. Postsovet ölkələrinin bir çoxunda da minimum yaşla bağlı müzakirələr aparılır.  Bu gün müzakirə etdiyimiz məsələnin  məqsədi  aydındır: uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və mənfi zehni sağlamlığa təsirlərdən qorumaq. Azərbaycanda 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun qəbul edilib. Eyni zamanda, uşaqların hüquqlarının qorunması  ilə bağlı digər sahələrdə də yaş məhdudiyyətləri tətbiq olunmuşdur : məsələn, uşaqlara siqaret, alkoqol, soyuq silah satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət qoyulub. Və bu tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq edilib. Həmçinin, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilmiş və bu sahədə yaranan münasibətlər tənzimlənmişdir.

Və bu prosesin davamı olaraq, indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımlar atılır. Və bu gün müzakirə edilən məsələnin əsas mahiyyəti də budur. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilmişdir. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun dəyərli məqsədə - uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir. Övladımızın sağlamlığı, rifahı, gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Mövcud qanunvericiliyə edilən dəyişikliklər uşaqlarımızın hüquqlarının qorunmasına yönəlib. Və biz də bu dəyişiklikləri qəbul etməklə onları daha təhlükəsiz bir həyat vermiş oluruq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31