Uşaqların sosial şəbəkələrdə qeydiyyatı yeni qaydalarla tənzimlənəcək

16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasında fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.

Bu, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni anlayışlar

sosial şəbəkə platforması - istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi;

yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (platforma) - yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi;

yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (provayder) - platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;

fərdi rəqəmsal hesab - fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.

Şəxslərin platformada qeydiyyatına dair tələblər

13-4.1. 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

13-4.2. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

şəxsin yaşının bəyan edilməsi;

şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

13-4.3. Yuxarıda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirəcək.

13-4.4. Provayder fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında 13-4.2-də nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmayan, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə zidd olmayan texniki üsulları tətbiq edə biləcək.

13-4.5. 13-4.2 və 13-4.4-də nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin ediləcək.

13-4.6. 16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə ediləcək. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.

13-4.7. Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda 13-4.2 və 13-4.4-ün tələblərinə uyğun olaraq təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənəcək.

13-4.8. İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:

onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;

onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.

13-4.9. Provayder 13-4.8-də qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.

13-4.10. Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

13-4.11. Provayder 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına münasibətdə platformadan istifadə ilə bağlı aşağıdakı texniki və təhlükəsizlik tədbirlərini təmin etməlidir:

istifadəçinin seçimi əsasında təhlükəsiz istifadə rejiminin və gücləndirilmiş konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi;

fərdi rəqəmsal hesablarda bütün standart konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi və geolokasiya məlumatlarının əlçatanlığının, o cümlədən ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması;

fərdi rəqəmsal hesablarda onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların, o cümlədən məlumat və reklamların yerləşdirilməsinin qarşısının alınması, habelə manipulyativ dizayn üsullarından (sonsuz sürüşdürmə, videomaterialların avtomatik səsləndirilməsi və s.) istifadənin qadağan edilməsi;

fərdi rəqəmsal hesablarda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2-ci maddəsində qeyd edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması.

13-4.12. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

13-4.13. Provayder hər təqvim ili üzrə 13-4.10 və 13-4.11-də nəzərdə tutulmuş tələblərin icrası, habelə fərdi rəqəmsal hesabın yaradılmasından imtina hallarının statistikası barədə illik məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti ilin yanvarın 15-dək təqdim etməlidir.

13-4.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) platformalardan bu qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirəcəklər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31