“SOS Uşaq Kəndi – Ümidin Yaşadığı Ev”

 

 

 

Uşaq gülüşü dünyanın ən saf səsi, ən təmiz üzüdür. Hər bir uşaq sevgi, qayğı və təhlükəsizlik içində böyüməyə layiqdir. Lakin həyatın sərt üzü ,yazılmamış qanunları, taleyin nataraz oyunları, insan vicdanının susması bəzi uşaqları valideyn qayğısından məhrum edir. Taleyin ümidinə buraxılan belə uşaqlar üçün bir ev, bir ailə və bir ümid olmaq missiyasını daşıyan ünvanlardan biri Azərbaycandakı SOS Uşaq Kəndidir.

SOS Uşaq Kəndi sadəcə yaşayış yeri, yalnızca sığınacaq deyil. Bura sevginin, anlayışın və mərhəmətin yaşadığı bir ailə mühitidir. Sadəcə bir dam öryüyünün altında daldalanacaq yox,uşaqların özlərini tənha hiss etmədiyi ailə mühitinin əhatə etdiyi yaşayışdan söhbət açacağam sizə. Bu uşaqlar qayğı ilə əhatə olunur, ailə mühitində yetişir, bir evin-yuvanın istiliyi ilə əhatə olunur, təhsil alır, xəyal qurur və gələcəklərinə inamla addımlayırlar. Hər bir uşağın üzündə yaranan təbəssüm bu böyük missiyanın ən gözəl nəticəsidir.

Azərbaycanda fəaliyyət göstərən SOS Uşaq Kəndləri valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə sağlam, savadlı və vətəninə faydalı insanlar kimi yetişməsinə dəstək verir. Burada uşaqlara yalnız maddi təminat deyil, mənəvi dayaq, qayğı, psixoloji dəstək də göstərilir. Onlara ailə sevgisinin nə olduğu öyrədilir, öz güclərinə inanmaq hissi aşılanır.

Hər uşağın bir hekayəsi var. Bəzən ağrı ilə başlayır həmin hekayə, faciədən doğur, ağır yüklə yaranır. Bu hekayələrin yönünün dəyişdiyi, ümidlə davam etdiyi məkandır, evdir, ocaqdır SOS Uşaq Kəndi...Burada uşaqlar keçmişin çətinliklərini arxada qoyaraq yeni arzular qurur, həyata yenidən bağlanırlar. Ümumilikdə səkkiz ev,səkkiz ailə mövcuddur. Hər ailədə altı uşaq yaşayır və onlara bir ana başçılıq edir. Hər evin bir xalası da var üstəlik. Bir sözlə, körpələrdə ailə qavramının əskik olmaması üçün bütün şərait qurulub.
Yenə yol üstəyəm. Belə ailələrdən birinin qonağıyam. Evin anası,Lətifə xanım gülərüzlə qarşılayır bizi. Ana əlləri ilə mükəmməl çay süfrəsi hazırlayıb mənə. Stol arxasında dövrə vuraraq oturan altı körpə, bir ana və uşaqların hamısının arxa-dayağı, sevimli müdirləri, hər körpəyə ata qayğısı ilə yanaşan Rəşad müəllim var. Yüksək qonaqpərvərlik göstərən təşkilat rəhbəri xoş gəldindən sonra ayrılır bizdən, həyət işlərinə yardıma gedir. Əslində bu niyyətin də məramını anlayır, rahat söhbət üçün baş-başa buraxır bizi.
Qəribə bir hiss var ürəyimdə. Buradakı uşaqlar tam fərqlidir digər uşaq evlərindən. Ev ortamında balacalar qaçışır, dərs oxuyan, bizə qoşulanlar da var. Bir sözlə, ailə mühitini tam hiss edirəm uşaqların rəftarında; "ana" deyə içdən müraciətləri, sərbəst və tərbiyəli davranışları, bir-birlərinə əsl bacı-qardaş münasibətləri, Lətifə xanıma olan sevgiləri hər şeyi açıq-aşkar göstərir. Həssasam düşüncələrimdə, hələ ki mövzu uşaqlardısa. İllərin və yaşadıqlarımın verdiyi hissiyatımla hiss edirəm mühiti; heç bir körpə uşağa səmimi,mehriban davranışı göstərməlik öyrətmək olmaz. Olduğu kimidir burda hər şey; su kimi şəffaf , gözümün gördüyü və qəlbimin duyduğu kimi.
Çoxlu söhbət edirəm anayla. Lətifə xanım tam bir ana həssaslığı ilə uşaqları mənimsəyib, qayğısını onlardan əskik etmir. Uzun illərin təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən məharətlə gəlir.
Şükran doluyam qadına- dolmuş gözlərimdən minnətdarlıq yağır, bioloji anaların atdıqlarına sahib çıxan böyük ürəkli xanıma. Nəcib davranışları, mehribanlığı, qonaqpərvərliyi ilə əsl ana qoxusu gəlir ondan, gözümüzün alışdığı analardan; azca yorğun gözləri, şəfqət dolu baxışları, səbri ilə evimizdəki zəhmətkeş analar kimidir uşaqlara. Sarılıram ayrılarkən, ürəyimdən keçənləri alqışa çevirirəm dilimdə, səni yüz yaşa,qadın.
Həyətdə təşkilatın rəhbəri Rəşad müəllimlə qarşılaşıram yenidən. Bu qədər uşağa atalıq edir rəsmən adam, gah oğlanları yanına alıb, ustalara qoşulub yer belləyir, gah da boylarını sevir özünəməxsus ağır təbiəti və təmkini ilə. Oğlanları xüsusi vətənpərvərliklə tərbiyə edir, Vətənə, millətə xeyirli övladlar yetişdirmək üçün gecəsi,gündüzü olmadan çalışır.
Kənardan seyr edirəm böyük oğlanlarla söhbətini, ilk qəhrəmanı ata olur uşağın, gözlərdəki o duyğu açıq-aşkar hiss olunur taleyi natamam uşaqlarda. Araz, Tunar, Fərid... 60-a yaxın uşağın adını, bütün xüsusiyyətlərini, həyat tarixçəsini əzbərə bilən və hər birini öz balası kimi mənimsəyən adam düşünün...
Rəğbət,hörmət, minnətdarlıq, təşəkkür duyğuları ilə ayrılıram balaca kənddən. Yolboyu isə emosionallığımın gözünü tökən qələmim yazacaqlarını beynimə həkk edir. Bu görüşün həssas tərəflərindən sonra birdə maraqlı tarixi və geniş fəaliyyəti var.

"SOS Uşaq Kəndləri-Azərbaycan"-Uşaqlar üçün sevgi dolu ailə mühiti devizi ilə işə başlayıb.
1947-ci ildə əsası qoyulan "SOS Uşaq Kəndləri Beynəlxalq" təşkilatı bu gün dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə yaradılan,Sevil Əliyevanın prezidenti olduğu "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyi ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, təhsil alması və cəmiyyətə inteqrasiyası üçün mühüm missiya daşıyır.
Hazırda Assosiasiya həm Bakıda, həm də Gəncədə fəaliyyət göstərir. Bu filiallarda ümumilikdə 160-dan çox uşaq və gənc proqramlardan yararlanır. Burada uşaqlar kiçik ailə evlərində böyüyür, hər bir evdə "ana" rolunu oynayan qayğıkeş qadın onların gündəlik həyatını təşkil edir.
Yetkinlik yaşına çatdıqdan sonra uşaqlar "Gənclər evi"nə keçid edirlər. Burada pedaqoqlar gənclərin müstəqil həyata hazırlanması istiqamətində işlər aparır, onlara təhsilini davam etdirmək, iş imkanları qazanmaq və sosial bacarıqlarını inkişaf etdirmək üçün dəstək göstərirlər. Məqsəd yalnız uşaqları böyütmək deyil, onların gələcəkdə cəmiyyətin tamhüquqlu üzvləri kimi formalaşmasına yardım etməkdir.
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyinin modeli uşaqlara həm sevgi dolu mühit, həm də sosial bacarıqların inkişafı üçün şərait yaradır. Bu yanaşma onların özünəinamını gücləndirir, gələcəkdə ailə qurmaq, iş həyatı və ictimai fəaliyyətlərdə uğur qazanmaq üçün möhkəm təməl formalaşdırır.
Assosiasiyanın fəaliyyəti təkcə uşaqların həyatına deyil, bütövlükdə cəmiyyətin gələcəyinə təsir göstərir. Burada böyüyən hər bir uşaq sabahın məsuliyyətli və sosial dəyərlərə bağlı vətəndaşı kimi yetişir.

Cəmiyyət olaraq hər birimizin borcu uşaqların xoşbəxt gələcəyinə dəstək olmaqdır. Çünki burada məqsəd məhz cəmiyyətin işıqlı və aydın gələcəyidir. Uşaqların tərbiyəsində təməlin düzgün qoyulması və doğru yetişdirilməsi xalq olaraq , dövlət olaraq gələcəyimizin əmin əllərə təslim olması deməkdir.
Sabahımızı təslim etdiyimiz bu uşaqları yetişdirən SOS Uşaq Kəndi bu missiyanı sevgi, mərhəmət və insanlıq dəyərləri üzərində qurmağa çalışan müqəddəs bir ocaqdır. Burada hər bir uşağa verilən ən böyük mesaj budur: "Sən tək deyilsən, sən sevilirsən və gözəl gələcəyə layiqsən."

image-guler1-jpg

Gülər Mübariz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31