Təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın-Deputat

"İXM-nin 27.4-cü maddəsi ilə bağlı həm Naqif m. ümumi müzakirələr zamanı bu məsələni qaldırdı, həm həm bir sıra kütləvi informasiya vasitələri tərəfindən daxil olan sorğuları, həm də bununla aparılan sosial müzakirələri nəzərə alaraq, icazənizlə 20 ballıq cərimə limiti ilə bağlı qısa və fərdi mövqeyimi çatdırmaq istəyirəm. Cari İnzibati Xətalar Məcəlləsi 2016-ci ilin 1 mart tarixindən qüvvəyə minib.  Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14 olub, ümumi balların sayı 54 olub. 2016-ci ildə sürücü sistemdəki bütün mümkün balların 37%-ni yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi. Bu nisbət o günün şərtlərinə tam mütənasib idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclidin deputatı Kamal Cəfərov deyib: "Ancaq son 10 ildə yol hərəkəti qaydaları və mikromobiliklə ilə bağlı bir sıra hüquqi islahatlar həyata keçirilib, dəyişikliklər olub. Və son 10 ildə balla qiymətləndirilən xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb. Həm xəta sayı, həm də ümumi bal həcmi təxminən 2 dəfə artıb, deməli sürücülərin xəta etmə riski, səhv etmə payı da artıb, məsuliyyət dairəsi genişlənib.
Ancaq limit 10 ildir eyni qalıb. Bu o deməkdir ki, sürücü bu gün sistemdəki bütün mümkün balların yalnız 22%-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37% olub. 
Nəzərə alsaq ki, həmin orijinal 37%-lik nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır, lakin Məcəllənin çəkindirici qüvvəsini qorumaq həm də cəzanın mütənasibliyi təmin etmək məqsədilə, daha mühafizəkar mövqe tutaraq, təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın və ya yüksək risk daşımayan, passiv, infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun, çünki əksər ölkələrdə belədir. 
İstənilən halda, bu məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparmalıdır, təkliflər hazırlanmalıdır. Çünki bu təkcə cərimə limiti məsələsi deyil, yeni yanaşma lazımdır.  
Çox təəsüf ki, kütləvi informasiya vasitələrində yalnış təəsürat formalaşdırılıb ki, bu məsələ ilə bağlı Milli Məclisdə hansısa layihə var. Belə bir layihə yoxdur, aidiyyəti qurumlar araşdırmalar aparmalı, təkliflər təqdim etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31