“Böyük Qayıdış” regionun inkişafına geniş imkanlar yaradır
10:33 Sosialİstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz, xüsusən Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır. İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. "Böyük Qayıdış"-işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək məqsədilə həyata keçirilən dövlət proqramıdır. Proqram 2022-ci ildə təsdiq edilmişdir və Qarabağla Şərqi Zəngəzurun yenidən qurulmasını, məskunlaşmanı və iqtisadi dirçəlişi əhatə edir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev qeyd edib ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır: "Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq".
Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Xatırladaq ki, Prezident İlham Əliyev ötən 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etmiş, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoymuşdur. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını etmişdir. İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır.
"Böyük Qayıdış" işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin və digər vətəndaşların mərhələli şəkildə geri qayıdışını nəzərdə tutan dövlət proqramıdır. Bu siyasət Azərbaycan hökuməti tərəfindən həyata keçirilir və əsas məqsədləri bunlardır: Azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması; Müasir infrastrukturun (yollar, elektrik, su, rabitə və s.) yaradılması; Məcburi köçkünlərin təhlükəsiz və dayanıqlı şəkildə öz doğma yurdlarına qayıtmasının təmin edilməsi; İqtisadi fəaliyyətin və məşğulluğun bərpası; Sosial xidmətlərin (məktəb, xəstəxana və s.) təşkil edilməsi. Bu proses Böyük Qayıdış çərçivəsində mərhələli şəkildə həyata keçirilir və bir sıra yaşayış məntəqələrinə artıq ilk köçlər baş tutub. Qayıdış mərhələli şəkildə həyata keçirilir. İlk sakinlər artıq Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və digər yaşayış məntəqələrinə köçürülüblər. 2024-cü il ərzində 1400-dən çox ailə müxtəlif şəhər və kəndlərdə məskunlaşdırılmışdır. "Böyük Qayıdış" yalnız əhalinin geri dönməsi deyil, həm də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin sosial-iqtisadi inkişafı, tarixi-mədəni irsin bərpası və regionun ölkə iqtisadiyyatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin təbii ehtiyatları, münbit torpaqları, əlverişli iqlim şəraiti və geniş su resursları ilə Azərbaycanın kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq strateji ərazilərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur qısa müddətdə ölkənin ən böyük investisiya və inkişaf məkanlarından birinə çevrilib. Regionda yaradılan müasir infrastruktur, tikilən yollar, enerji və kommunikasiya xətləri, həmçinin həyata keçirilən sosial layihələr kənd təsərrüfatının inkişafı üçün möhkəm zəmin formalaşdırır. Hazırda da azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ən vacib istiqamətlərdən biri ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsidir. Bununla yanaşı, yeni yaşayış məntəqələri, yollar, enerji və su infrastrukturu yaradılır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.