Unikal təbii sərvətimiz haqqında nə bilirik?-“Regionların inkişafına təkan verə bilər”- ÖZƏL

"Palçıq vulkanları Azərbaycanın nadir təbii sərvətlərindən biridir. Bu qiymətli geoloji sərvətimizdən maksimum yararlanmalıyıq".  Bunu Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, bildirib ki, palçıq vulkanları elmi, iqtisadi və turizm baxımından böyük əhəmiyyət kəsb edir. 
"Palçıq vulkanı əsrarəngiz hadisədir. Planetimizin Antarktida xaric bütün materiklərində palçıq vulkanları var. Palçıq vulkanları karbohidrogen ehtiyatları ilə zəngin olan regionlarda özünü göstərir. Bu təbiət hadisəsi  həmin ərazinin təbii sərvətlərlə zəngin olmasından xəbər verir. Ölkəmiz yeraltı neft və qaz yataqlarının üzərində yerləşir. Yer altında qalan karbohidrogenlər palçıq,  su və qazları səthə doğru itələyir. Yerin dərinliyində-gil və su zəngin olan çöküntü təbəqələrinin üstündəki süxurların ağırlıq qüvvəsi də prosesə təsir edir. Tədricən bu təbəqələrdə təzyiq yaranır. Palçıq vulkanları daha çox tektonik fəaliyyətdən, karbohidrogenlərin yığılmasından və ya üst çöküntülərin ağırlığından yaranır, seysmik aktiv tektonik zonalarda, qırılma xətləri olan yerlərdə baş verir".
Ekoloq bildirib ki, dünyada mövcud olan 2 mindən çox palçıq vulkanlarının təxminən 400-ə yaxını Azərbaycanın payına düşür.
"Bunlardan 250-i quruda, 150-yə qədəri isə Xəzər dənizindədir. Adına vulkan deyilsə də, bu, o qədər də qorxunc bir təbii hadisə sayılmır. 
Yerdən çıxan palçıq lava kimi qaynar yox, ilıq olur. Palçıq qabarcıq effekti yaradır. Bu möcüzəvi təbiət hadisəsini hətta adi gözlə müşahidə etmək də mümkündür. Quruda olan palçıq vulkanlarının böyük hissəsi Abşeron yarımadasında, Qobustanda yerləşir. Ölkəmizin ən məşhur palçıq vulkanları Torpaqqaya, Ayrantökən, Otman-Bozdağ Palçıq vulkanıdır. Palçıq vulkanları turistləri ən çox cəlb edən geoloji fenomendir. Əcnəbi turistlərə daha çox Qobustan ətrafındakı vulkanlar maraqlı gəlir. Turistlər vulkan yatağında Yer kürəsinin geoloji prosesləri ilə yaxından tanış olurlar.

Boz təpələr, qaynayan palçıq gölməçələri və ay səthini xatırladan relyef Qobustan vulkanlarının əsas özəlliyidir. Yeraltı laylarda toplanan təbii qazların yaratdığı yüksək təzyiq gil, su və müxtəlif mineralları yuxarı qaldırır. Qarışıq yer səthinə çatdıqda krater və ya təpəcik yaradır. Bəzi hallarda vulkan püskürmələri zamanı alov da görünə bilər, amma bu, palçığın yanması, çıxan qazın alovlanmasıdır. Yerdən çıxan palçığın tərkibində gil, su, mineral duzlar və karbohidrogenlər olur"- deyə, o, bildirib. 
QHT sədri deyib ki, vulkanın səthə çxıardığı palçığın müalicəvi əhəmiyyəti var.  "Palçıq revmatizm, oynaq və dəri xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Palçıq vulkanlarının iqtisadi əhəmiyyəti odur ki, geoloji axtarışlar zamanı təbii "bələdçi" rolunu oynaya bilir. Palçıq vulkanları geoloji irsin mühüm nümunəsir. Maqma ocağı geoturizm marşrutlarının formalaşdırılmasına üçün əlverişlidir". 
E.Cəfərli bildirib ki, müalicəvi xüsusiyyətlərə malik olan palçıq vulkanları sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. 
"2024-cü ildə Qobustanda Palçıq Vulkanı Turizm mərkəzi açılıb. 12 hektarda tikilmiş böyük turizm obyektində 60-dan çox insan çalışır. Bu cür müəssisələr bütövlükdə regionların inkişafına səbəb olur. Həmçinin turizmin canlanmasına,  nəqliyyat, qonaqlama, ictimai iaşə xidmətinin və suvenir satışının inkişafına təkan verir".

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31