İnsan kapitalının gücləndirilməsini hədəfləyən dövlət siyasəti- ÖZƏL

"Azərbaycan dövləti hər zaman məcburi köçkün ailələrinin sosial müdafiəsini, rifahını və layiqli həyat şəraitinin təmin olunmasını prioritet vəzifələrdən biri kimi müəyyən edib. Uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş soydaşlarımız dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Bu gün ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı uğurla icra olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən bu nəhəng fəaliyyətin, aparılan bu uğurlu  dövlət siyasətinin əsas məqsədi 30 ildən artıq düşmən tapdağı altında qalan doğma torpaqlarımızı yenidən dirçəltməklə bərabər, vətəndaşlarımızın öz yurdl-yuvalarında dayanıqlı məskunlaşmasını, məşğulluğunu və sosial-iqtisadi inteqrasiyasını təmin etməkdir. Böyük Zəfərdən sonra ötən beş ildən bir az artıq müddətdə işğaldan azad etdiyimiz ərazilərdə görülən saysız hesabsız işlərin həcmini təsəvvür etmək belə mümkün deyil. Amma sırf Böyük Qayıdışla bağlı olaraq bu illər ərzində fasiləsiz şəkildə həyata keçirilən silsilə layihələrdən qısaca da olsa bir-neçəsini sadalamaq belə, - məsələn,  soydaşlarımızın yenidən öz doğma ocaqlarına qovuşması,  Qarabağa və Şərqi Zəngəzura qayıdan ailələrin  müasir yaşayış evləri ilə təmin olunması,  onların rahat və təhlükəsiz yaşayışı üçün yolların, məktəblərin, tibb müəssisələrinin inşa edilməsi, kommunal və digər zəruri infrastrukturun yaradılması,  hazırlanan  məşğulluq proqramları, göstərilən sosial xidmətlər və irəli sürülən  iqtisadi təşəbbüslər vasitəsilə insanların yeni şəraitə uyğunlaşmasına dəstək verilməsi və bu kimi digər addımlar dövlət-vətəndaş münasibətlərini, dövlət üçün insan amilinin ən başlıca yerdə gəldiyini açıq şəkildə nümayiş etdirir.
İnsan kapitalının gücləndirilməsini hədəfləyən dövlət siyasəti və bu siyasətdən irəli gələn hazırda müzakirə edilən "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi bunu deməyə əsas verir ki,  dövlətin sosial dəstək siyasəti gələcəkdə də davam edəcək. Ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil imkanları və digər sosial müdafiə mexanizmləri bundan sonra da vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməyə davam edəcək. Böyük Qayıdış prosesində insan amili, vətəndaş məmnunluğu və sosial təminat dövlət siyasətinin əsas prioritetləri olaraq qalır.
Məcburi köçkün statusu və ona tətbiq olunan sosial dəstək mexanizmlərinin qanunvericiliyə uyğun şəkildə yenidən tənzimlənməsi də elə  məhz bu yeni reallıqların nəticəsidir. Məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdışı yalnız tarixi ədalətin bərpası deyil, həm də sosial rifahın, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması deməkdir. Əminik ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində doğma yurdlarına qayıdan bütün vətəndaşlarımız firavan, təhlükəsiz və xoşbəxt həyat quracaq, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31