Uşaqların rifahını qorumaq kollektiv məsuliyyətdir-Komitə sədri- ÖZƏL
10:26 Sosial"Bu əlamətdar gündə bütün uşaqları, xüsusilə Vətən müharibəsinin şəhid qəhrəmanlarımızdan bizə əmanət qalan övladları ürəkdən təbrik edirəm. Hər birinə möhkəm sağlıq, sevgi dolu həyat və işıqlı gələcək arzulayıram. Uşaqlar hər bir cəmiyyətin ən safbaxışlı, ən güvənli aynasıdır. Onların gülüşündə dünyanın ümidi, baxışlarında sabahın inamı yaşayır. Onlar güclü vətəndaş cəmiyyətinin əsasını, dövlətimizin gələcəyini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Azərbaycan Respublikası uşaqların hüquqlarının qorunması, onlara keyfiyyətli təhsil, sağlamlıq xidməti, sosial müdafiə və inkişaf imkanlarının təmin edilməsi sahəsində ardıcıl dövlət siyasəti həyata keçirir. Bu siyasətin özəyini həm ümummilli öhdəlik, həm də beynəlxalq öhdəliklərimizə sadiqlik təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin uşaqları "dövlətin gələcəyi" kimi dəyərləndirərək onların hərtərəfli inkişafını dövlət siyasətinin prioriteti elan etməsi, bu sahədə mühüm hüquqi və institusional zəminin formalaşmasına öncülük etmişdir. Həmin irsə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi altında uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına yönelik tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi dövlətimizin bu sahəyə verdiyi əhəmiyyətin bariz göstəricisidir.
Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu da xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil, müalicə, mədəni və sosial inkişafı istiqamətlərində həyata keçirdiyi çoxşaxəli proqramlarla bu sahəyə əhəmiyyətli töhfə verir.
Bu günün bizə xatırlatdığı ən önəmli həqiqət budur: uşaqların rifahını qorumaq kollektiv məsuliyyətdir hər bir fərdin, ailənin, qurumun və dövlətin. Bu məsuliyyət yalnız bayram günlərinin deyil, günün-gündən davamlı fəaliyyətin mövzusudur. Hər bir uşağın səsi eşidilsin, hüquqları güvence altına alınsın, gələcəyi əmin-amanlıq içində qurulsun".