BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti BDU, Beynəlxalq Türk Akademiyası, Əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu, Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən "Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu" mövzusunda Beynəlxalq simpoziumda müxtəlif panel və bölmə iclaslarında elmi məruzələrlə çıxış edib.

Bu barədə BDU-dan məlumat verilib.

Simpoziumun plenar iclasında BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov "Birinci Türkologiya Qurultayda Azərbaycan türkləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1926-cı il Bakı Türkoloji Qurultayında Azərbaycan ziyalılarının və alimlərinin rolu, qurultayın türkoloji düşüncənin formalaşmasına təsiri, həmçinin Azərbaycan türklərinin ortaq türk elmi məkanının inkişafındakı tarixi xidmətləri geniş şəkildə təhlil olunub.

Tədbirin II bölmə iclasında Filologiya fakültəsinin Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov "Birinci Bakı Türkologiya Qurultayında türkologiyanın inkişaf istiqamətləri" mövzusunda çıxış edib. Məruzədə Birinci Bakı Türkoloji Qurultayının türkoloji elmin inkişaf strategiyasının müəyyənləşdirilməsində oynadığı rol, dilçilik, əlifba, terminologiya və ortaq elmi yanaşmalar sahəsində qəbul olunan qərarların sonrakı dövrlərə təsiri diqqətə çatdırılıb.

Həmin bölmə iclasında BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı "Türk dünyası ortaq mədəni irsinin qorunması və təbliği məsələləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının ortaq mədəni irsinin qorunması, beynəlxalq səviyyədə təbliği, mədəni diplomatiyanın inkişafı və bu istiqamətdə ortaq elmi-mədəni platformaların əhəmiyyəti vurğulanıb.

Simpoziumun V bölmə iclasında isə Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri, dosent İqbal Ağayev "Türk mirası kontekstində Şuşanın musiqi dünyası: tarixi yaddaşdan ortaq gələcəyə" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şuşa şəhərinin Türk dünyasının mədəni irsində xüsusi yeri, Qarabağın musiqi ənənələrinin ortaq türk mədəniyyətinə təsiri və Şuşanın beynəlxalq mədəni inteqrasiyada oynadığı rol geniş şəkildə təqdim olunub.

Elmi müzakirələrdə türkoloji elmin müasir inkişaf istiqamətləri, ortaq əlifba və terminologiya məsələləri, türk xalqlarının mədəni yaddaşı, eləcə də ortaq akademik əməkdaşlıq platformalarının yaradılması kimi aktual mövzular geniş müzakirə olunub.

Tədbirin yekun sessiyasında da akademik Nizami Cəfərov çıxış edərək simpoziumun Türk dünyasının elmi inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb, Birinci Bakı Türkoloji Qurultayının ideyalarının bu gün də aktuallığını qoruduğunu qeyd edib.

Simpozium çərçivəsində, həmçinin "İRS" Nəşr Evinin və "İRS" jurnallarının sərgisi təşkil olunub. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və ümumtürk irsinə həsr edilmiş kitab və jurnallar Əl-Fərabi adına Qazax Milli Universitetinə hədiyyə olunub. Nəşrlər simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Türk dünyasının ortaq mədəni irsinin təbliği baxımından yüksək qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31