Azərbaycan: tarixini qoruyan, gələcəyə addımlayan ölkə

İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Bir xalqı tanımaq üçün onun şəhərlərinə, küçələrinə və ya inkişaf etmiş binalarına baxmaq kifayət etmir. Bir xalqı tanımaq üçün onun tarixinə, dövlətçilik ənənələrinə, adət-ənənələrinə, elmə və mədəniyyətə verdiyi dəyərə baxmaq lazımdır. Çünki bir ölkəni güclü edən yalnız iqtisadi inkişaf deyil. Ölkəni güclü edən onun milli ruhu, mənəvi dəyərləri və tarixdən gələn kökləridir. Azərbaycan da məhz belə ölkələrdəndir. Əsrlər keçsə də, müxtəlif dövrlər dəyişsə də, xalqımız öz kimliyini, dövlətçilik düşüncəsini və milli dəyərlərini qoruyub saxlaya bilib.
Dövlət anlayışı sadəcə xəritədə görünən sərhədlər demək deyil. Dövlət xalqın birliyi, təhlükəsizliyi, milli kimliyi və gələcəyidir. Hər bir dövlətin gücü onun vətəndaşlarının öz ölkəsinə olan sevgisi ilə ölçülür. Düşünürəm ki , Azərbaycan xalqı tarix boyu dövlətinə bağlı xalq olub. Çünki bu torpaqlarda yaşayan insanlar Vətəni sadəcə yaşadıqları yer kimi deyil, mənəvi dəyər kimi qəbul ediblər. Elə buna görə də Azərbaycanın dövlətçilik tarixi çox qədim və zəngindir.
Tarix xalqın yaddaşıdır. Keçmişini bilməyən xalq gələcəyini düzgün qura bilməz. Azərbaycanın dövlətçilik tarixi əsrlər əvvələ dayanır. Bu torpaqlarda yaranan qədim dövlətlər xalqımızın siyasi düşüncəsinin formalaşmasına böyük təsir göstərib. Müxtəlif dövrlərdə xalqımız çətinliklərlə qarşılaşsa da, öz milli ruhunu və dövlətçilik ənənələrini qoruyub. Azərbaycan xalqı heç vaxt azadlıq arzusundan vaz keçməyib. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcud olması da məhz həmin mübarizənin nəticəsidir.
Müstəqillik hər bir xalq üçün ən böyük sərvətlərdən biridir. Bu gün Azərbaycan dünya ölkələri arasında öz mövqeyi olan, siyasi və iqtisadi cəhətdən inkişaf edən dövlətlərdən biridir. Ölkəmiz beynəlxalq layihələrdə iştirak edir, müxtəlif sahələrdə uğurlara imza atır. Azərbaycanın həm regionda, həm də dünyada nüfuzu getdikcə artır. Müasir dövrdə ölkəmiz yalnız enerji layihələri ilə deyil, həm də mədəniyyət, elm, idman və beynəlxalq tədbirlərlə diqqət çəkir. Bu gün Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin inkişafının və dünyada artan nüfuzunun göstəricisidir. Hazırda ölkəmizdə keçirilən WUF13-Dünya Şəhərsalma Forumu da bunun nümunələrindən biridir. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadı göstərir. Dünyanın müxtəlif ölkələrindən gələn insanların Azərbaycana maraq göstərməsi həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Bu cür tədbirlər Azərbaycanın müasir, inkişaf edən və dünyaya açıq ölkə olduğunu bir daha nümayiş etdirir.
Ölkənin inkişafı yalnız texnologiya və iqtisadi göstəricilərlə ölçülmür. İnkişaf həm də milli dəyərlərin qorunması ilə bağlıdır. Çünki tarixini və adət-ənənələrini unudan xalq zamanla öz kimliyini itirə bilər. Azərbaycan xalqını fərqləndirən əsas xüsusiyyətlərdən biri də milli-mənəvi dəyərlərinə bağlı olmasıdır. Adət-ənənələr xalqın mənəvi sərvətidir. Düşünürəm ki, hər xalqın özünəməxsus həyat tərzi, düşüncəsi və davranış qaydaları olur. Azərbaycan xalqının da əsrlərlə formalaşan zəngin adət-ənənələri var. Qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı, ailə dəyərlərinə bağlılıq bizim xalqın əsas xüsusiyyətlərindəndir. Azərbaycan ailəsində birlik və sevgi hər zaman ön planda olub. İnsanlar bir-birinə yalnız qohum kimi deyil, mənəvi dayaq kimi yanaşıblar. Milli bayramlarımız və mərasimlərimiz də xalqımızın zəngin mədəniyyətini göstərir.  Azərbaycanın mədəniyyəti də olduqca zəngindir. Musiqimiz, ədəbiyyatımız, xalçaçılıq sənətimiz, teatrımız və incəsənətimiz xalqımızın dünyagörüşünü əks etdirir. Muğam insan ruhunu ifadə edən ən dəyərli sənət nümunələrindən biridir. Azərbaycan musiqisi təkcə ölkəmizdə deyil, dünya səviyyəsində də sevilir. Çünki bu musiqidə tarix, hiss və milli ruh yaşayır.
Ədəbiyyatımız da xalqımızın düşüncə tərzini və mənəviyyatını əks etdirir. Nizami Gəncəvi, Füzuli, Mirzə Cəlil kimi söz ustalarının əsərləri bu gün də aktuallığını qoruyur. Onların yaradıcılığı yalnız bir dövrü deyil, insanın daxili dünyasını, cəmiyyətin problemlərini və mənəvi dəyərləri əks etdirir. Mədəniyyət insanları birləşdirən ən güclü vasitələrdən biridir. Mədəniyyətini qoruyan xalq öz kimliyini də qoruyur. Elm isə cəmiyyətin inkişafında mühüm rol oynayır. Elm insanın düşüncəsini inkişaf etdirir, yeniliklərə yol açır və gələcəyi formalaşdırır. İnkişaf etmiş ölkələrin əsas gücü məhz elm və təhsildir. Azərbaycan da elmə və təhsilə önəm verən ölkələrdəndir. Bu gün ölkəmizdə universitetlərin fəaliyyəti genişlənir, gənclər xaricdə təhsil alır, yeni texnologiyalar öyrənilir. Müxtəlif sahələrdə aparılan elmi tədqiqatlar Azərbaycanın inkişafına xidmət edir.
Müasir dövrdə texnologiyanın sürətli inkişafı elmin əhəmiyyətini daha da artırır. Artıq dünya rəqəmsallaşır, yeni ixtiralar və innovasiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilir. Azərbaycan gəncləri də bu inkişafdan geri qalmır. İnformasiya texnologiyaları, mühəndislik, tibb və digər sahələrdə uğur qazanan gənclər ölkəmizin gələcəyi üçün böyük ümid yaradır. Çünki savadlı və düşüncəli gənclik güclü dövlətin əsas dayağıdır.
Elm və mədəniyyətin təbliği də bu gün çox vacib məsələlərdən biridir. Gənclər öz tarixini, milli dəyərlərini və mədəniyyətini bilməlidir. Çünki milli kimlik yalnız sözlə deyil, bilik və düşüncə ilə qorunur. Bu gün sosial media və informasiya axını insanların düşüncəsinə ciddi təsir göstərir. Belə bir dövrdə milli dəyərlərin təbliği daha böyük əhəmiyyət daşıyır. Məktəblərdə, universitetlərdə, televiziya və media sahəsində tariximizin, mədəniyyətimizin və elmimizin düzgün təqdim olunması vacibdir. Azərbaycan bu gün həm qədim tarixini qoruyan, həm də müasirliyə doğru inkişaf edən ölkədir. Ölkəmizdə yeni layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərin təşkili, elmə və mədəniyyətə verilən dəstək Azərbaycanın gələcəyə doğru inamla addımladığını göstərir. Ən önəmlisi isə odur ki, bütün bu inkişafla yanaşı, xalqımız öz milli-mənəvi dəyərlərini də qoruyub saxlayır. Çünki insanı insan edən necə mənəviyyatdırsa, xalqı da xalq edən onun tarixi, dili, adət-ənənələri, elmi və mədəniyyətidir. Azərbaycan xalqı əsrlər boyu bu dəyərləri qorumağı bacarıb. Bu gün bizim vəzifəmiz həmin dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək və ölkəmizi daha da inkişaf etdirməkdir. Tariximizi bilmək, dövlətimizi sevmək, elmə sahib çıxmaq və mədəniyyətimizi qorumaq gələcəyimiz üçün atılan ən vacib addımlardan biridir.

Zeynəb Mustafazadə 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31