Tarixi məkanlar beynəlxalq səylərə baxmayaraq hələ də təhlükə altındadır - Fərid Cəfərov

Tarixi və mədəni irs obyektləri beynəlxalq sazişlər və konvensiyalar çərçivəsində görülən tədbirlərə baxmayaraq, hələ də müxtəlif təhlükələrlə üzləşməkdədir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov WUF13 çərçivəsində keçirilən "Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, zəngin mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi günümüzün ən vacib məsələlərindən biridir. Nazir müavininin sözlərinə görə, mədəni irsin mühafizəsi yalnız mədəniyyət sahəsinə aid məsələ deyil, həm də dövlətlərin və cəmiyyətlərin üzərinə düşən mühüm məsuliyyətdir. Bu səbəbdən bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

F.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirilir. Həmin ərazilərdə tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, sosial və mühəndis infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm işlər görülür.

Nazir müavini qeyd edib ki, azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi ardıcıl şəkildə davam edir, bölgənin mədəni həyatı və tarixi siması mərhələli şəkildə bərpa olunur. Bu tədbirlər həm mədəni irsin qorunmasına, həm də ərazilərdə dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31