“Bu layihə Bakını cazibədar şəhərə çevirəcək”-Ekoloq- ÖZƏL
12:40 SosialSon illər paytaxt Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Ekoloji düşüncəyə əsaslanan bu layihələrin əsas məqsədi ekoloji tarazlığın qorunması, sakinlərin rahatlığının təmin olunmasıdır". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, dayanıqlı şəhər konsepsiyasının formalaşdırılmasına xidmət edən layihələr davam etdirilməlidir.
"Azərbaycan yaşıl nəqliyyata keçid istiqamətində mühüm addımlar atıb. Bu gün şəhərin müxtəlif küçə və prospektlərində yeni nəsil nəqliyyat modeli tətbiq edilir. İctimai nəqliyyat şəbəkəsinin yenilənməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün geniş imkanların yaradılması yaxşı haldır. Mikromobillik infrastrukturunun qurulması istiqamətində görülən işlər təqdir olunmalıdır. Son illər paytaxtın onlarla küçə və prospektdə velosiped və skuter zolaqlarının salınması Bakını ekoloji cəhətdən cəlbedici şəhər çevirir. Bakıda tətbiq edilən şəhərsalma modelində "insanyönümlü şəhər" yanaşmasına üstünlük verilıməsi çox gözəldir. Əsas prioritet paytaxt küçələrinin yalnız avtomobillər üçün deyil, piyadalar, velosipedçilər və ictimai nəqliyyatdan istifadə edən insanlar üçün daha əlçatan və təhlükəsiz olmasıdır. Son illər ictimai nəqliyyatda elektirklə işləyən komfortlu avtobusların çoxalması da sevindiricidir". Ekoloq bildirib ki, Bakıda yaşıl nəqliyyata keçidin sürətləndirilməsi yaxın gələcəkdə paytaxtı ekoloji cəhətdən ən təmiz bölgələr sırasına çıxara, tıxacları azalda bilər: "Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masadakı çıxışında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yaxın perspektivdə paytaxtda yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Bu layihə reallaşarsa bu, Bakının nəqliyyat sistemində yeni mərhələnin başlanğıcı olacaq. Kanat yolu və tramvayların hərəkəti nəqliyyatın sıxlığını azaldacaq, paytaxtın ekoloji vəziyyətin yaxşılaşdıracaq, müasir şəhər mühitinin formalaşdırılmasına töhfə olacaq. Ekoloji cəhətdən təmiz nəqliyyat növü olan tramvayların fəaliyyətə başlaması şəhərdaxili sərnişindaşımanın daha rahat və səmərəli təşkilinə imkan verəcək. Tramvaylar böyük sərnişin axınını daşımaq gücünə malikdir. Eyni zamanda avtobus və avtomobillərlə müqayisədə ekoloji cəhətdən daha səmərəlidir. Kanat layihəsi isə təkcə sərnişindaşımada səmərəli deyil, turizm üçün də cəlbedicidir. Bakıda kanat yolunun salınamsı üçün relyef də əlverişlidir. Bakıda belə layihənin həyata keçirilməsi Xəzər sahilində yerləşən paytaxtın panoramik görüntüsünün turistlərə təqdim olunmasına, yeni turizm marşrutlarının genişlənməsinə səbəb olacaq".
İbrahim Məmmədli