Rəqəmsal texnoloji inkişaf artıq dindarlığın mahiyyətini dəyişdirir- ÖZƏL

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qubada "Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar" mövzusunda regional konfrans keçirilib. Bu barədə "Olaylar"a Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent. Asəf Qənbərov məlmat verib: "Konfransın DQİDK-nin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədovun moderatorluq etdiyi "Sosial media və din" adlı birinci panel sessiyasında "Rəqəmsal din" mövzusunda çıxış edərək, dinin rəqəmsal mühitdə transformasiyasından bəhs etdim.
Din sosiologiyasının aktual məsələlərindən sayılan "Rəqəmsal din - internet və rəqəmsal platformalarda dini praktikaların formalaşması, yaşanması və ötürülməsi prosesi kimi başa düşüldüyünü qeyd etməklə təqdimatıma başladım.
Belə ki, rəqəmsal texnoloji inkişaf artıq dindarlığın mahiyyətini, dərkini və yaşanma formasını dəyişdirir. Müasir dövrdə internet və sosial media platformaları dini icmaların, ritualların və fərdi identikliyin yenidən qurulduğu əsas arenaya çevrilir. Bəzi hallarda, din media məntiqinə uyğunlaşaraq öz əsas məqsədindən kənara çıxır. Emosional təsir, virallıq və s. kimi media cəlbediciliyi məntiqi dinin əsas hədəfinin önünə keçir.
Sonda, rəqəmsal mühitin dini maarifləndirmə üçün geniş imkanlar yaratmaqla bərabər, həm də dini dezinformasiya, səthi dini biliklərin yayılması və ya radikallaşma kimi ciddi risklər yaratdığını əlavə etməklə təqdimatı yekunlaşdırdım.
Düşünürəm ki, sosial media və internet platformalarında dini təcrübənin yenidən formalaşması məsələsinin müzakirəsi böyük əhəmiyyət daşıyır. Ölkəmizdə rəqəmsal mühitin dinə təsirləri - "Rəqəmsal din" müzakirələrinin davam etdirilməsi, bu sahədə elmi  əsərlərin yazılmasına ciddi ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31