Ümumdünya Şəhərsalma Forumu zəruri  müzakirə  platformasıdır- ÖZƏL

"Kifayət qədər geniş əhatəli və peşəkar səviyyədə keçirilən  Ümumdünya Şəhərsalma Forumuna  (WUF13) təbiətin şıltaqlığı əngəl ola bilməzdi. Strateji hədəfləri olan bu toplantıdakı çıxışları izləməyə çalışdım. Təbii olaraq burada Azərbaycan öz zəngin tarixi memarlıq ənənələrini,  müasir şəhərsalma ilə bağlı modern  təcrübəsini təqdim edib. Digər tərəfdən dünyanın bir çox ölkələrindən gələn iştirakçılar, BMT-nin müxtəlif  strukturlarının təmsilçiləri şəhərsalma ilə bağlı, ümumilikdə bu sahədə  mövcud olan  problemlər ətrafında çıxışlar ediblər". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Hazırda kəskin iqlim dəyişikliyindən, müharibələrdən və digər səbəblərdən insanların yaşayışı üçün ən zəruri olan yaşayış evləri, şəhərlər dağılıb. Yoxsul ölkələrdə, təbii fəlakətlərə daha çox məruz qalan bölgələrdə belə problemlər kəskin şəkildə ortalığa çıxır. Qənaətim belədir ki,  WUF13- Bakı Forumu  bu sahədə  çox əhəmiyyətli  müzakirə  məkanı oldu. 
Təbii ki, heç bir ölkə, o cümlədən Azərbaycan təbii fəlakətlərdən, iqlim dəyişikliyinin yaradacağı problemlərdən sığortalanmayıb. Amma  ekspertlərin təklifləri, zəruri müzakirələr heç şübhəsiz ki, modern şəhərsalma prosesində, mövcud çətinliklərin həlli  yollarının tapılmasında mühüm bazaya çevrilə bilər. 
Toplantıda  belə fikir dolaşır ki, gələcəkdə daha çox insan  şəhərlərə üz tutacaq. Ola bilər Afrika cəngəlliklərində, dəhşətli yoxsul ölkələrdə belə hallar baş versin. Amma Azərbaycanda regionların  sosial-iqtisadi  prosesləri düzgün tənzimlənsə, yəni regional iqtisadiyyat inkişaf etsə, o zaman paytaxta üz tutanların sayı çox olmayacaq. Ona görə, urbanisaziya məsələsi diqqətdə saxlanılmalı və regional iqtisadiyyatın inkişafı hədəf olmalıdır. Çünki, iş yeri olan insan o səfalı təbiətdən uzaq düşüb paytaxta daimi yaşamaq üçün gəlməyəcək. Kompleks  yanaşma tələb edən bu məsələr haqqında geniş danışmaq istəmirəm.
Nəhayət, bu gün bizi düşündürən  Azərbaycanın şəhərsalma məsələsindəki  mövcud problemlərin dərindən təhlil olunmasını, bu sahədə əhəmiyyətli addımların atılmasını və bu prosesdə ictimai nəzarətin təşkil edilməsinin zəruri olduğunu düşünürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31