Mənzil siyasəti iqtisadi artımın əsas amillərindən birinə çevrilir - Dünya Bankı

Mənzil siyasəti iqtisadi artım və məşğulluğun əsas amillərindən birinə, eləcə də investisiyaların cəlb olunmasının mühüm alətinə çevrilir.

Olaylar xəbər verir ki, bunu Dünya Bankının Şəhər İnkişafı, Dayanıqlılıq və Torpaq Resursları üzrə Qlobal Departamentinin direktoru Minq Janq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan "Mənzil - qlobal koalisiyaların mərkəzində " adlı sessiyada çıxışında deyib.

Onun sözlərinə görə, mənzil sektoru qlobal iqtisadiyyatda mühüm rol oynayır: dünya ÜDM-nin təxminən 15 faizi mənzilə yatırımlar və bu sahədə istehlakla bağlıdır.

"Eyni zamanda, mənzilin əlçatanlığı insanların iş yerlərinə çıxışına birbaşa təsir göstərir. Belə ki, bir çox insan məşğulluq mərkəzlərinin yaxınlığında yaşamağa maddi imkan tapmır. Təşkilat mənzil sahəsində üç əsas istiqamət üzrə fəaliyyət göstərir: uzunmüddətli maliyyələşmənin genişləndirilməsi, tikinti və investisiyalar sahəsində maneələrin aradan qaldırılması üçün siyasətin təkmilləşdirilməsi, həmçinin torpaq, infrastruktur və tikinti sənayesinin inkişafı da daxil olmaqla mənzil təklifinin artırılması", - deyə direktor bildirib.

O, beynəlxalq maliyyə institutlarının məhdud resurslarından istifadə etməklə özəl kapitalın səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Nümunə kimi Minq Janq Brazilda həyata keçirilən birgə təşəbbüsləri göstərib. Onun sözlərinə görə, Dünya Bankı və IFC-in iştirakı ilə dövlət proqramları vasitəsilə beynəlxalq institutların ayırdığı 400 milyon dollar fonunda əlavə 3 milyard dollar maliyyə cəlb etmək mümkün olub.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31