Azərbaycan təhsilin, insan kapitalının və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verir - Səadət Yusifova
19:39 SosialAzərbaycan təhsilin, insan kapitalının və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verir.
Olaylar xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı" mövzusunda panel sessiyada çıxışında deyib.
O, inkubasiya proqramlarının və təhsil təşəbbüslərinin inkişafı barədə məlumat verib.
"Oyun sənayesi və mədəni texnologiyalar sahəsində inkubasiya proqramları, təqaüd və sertifikat proqramları, həmçinin QHT-lərə qrant dəstəyi yeni kreativ mütəxəssislər nəslinin formalaşmasına töhfə verir", - deyə o bildirib.
Bununla yanaşı, institusional bazanın genişləndirildiyi də qeyd olunub.
"Bakıda fəaliyyət göstərən Mədəniyyət və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradıcı şəxslər üçün peşəkar imkanlar təqdim edir və bu modelin regionlarda da genişləndirilməsi planlaşdırılır", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.