WUF13 çərçivəsində Barselona bəyannaməsinə həsr olunmuş panel müzakirəsi keçirilib

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Barselona metropoliten bəyannaməsinin təqdimatı: meqapolis miqyasında mənzil böhranının həlli üzrə cəsarətli öhdəliklər" mövzusunda panel müzakirəsi keçirilib.

Olaylar xəbər verir ki, sessiya zamanı 15 oktyabr 2025-ci ildə Metropolitenlərin Dünya Sammiti və Avropa Metropoliten Hakimiyyətləri Forumunun (EMA) 10 illiyi çərçivəsində merlər, prezidentlər və digər siyasi nümayəndələr tərəfindən qəbul edilmiş "Barselona Metropoliten Bəyannaməsi: 2030-cu ildən sonrakı metropolitenin gələcəyi" sənədi rəsmi şəkildə təqdim olunub.

Tədbirdə Barselona Metropoliteninin beynəlxalq əlaqələr və rəqəmsal metropoliya üzrə vitse-prezidenti Jordi Kastelyana Qamisans və Türkiyənin Mərmərə Bələdiyyələr Birliyinin baş katibi Cemil Arslan çıxış edirlər.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31