WUF13 çərçivəsində “Şəhər inkişafı sahəsində yerli icmaların və qlobal təcrübənin birləşməsi” mövzusunda panel müzakirəsi keçirilib

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində "Şəhər inkişafı sahəsində yerli icmaların və qlobal təcrübənin birləşməsi" mövzusunda panel müzakirəsi keçirilib.

Olaylar.az xəbər verir ki, sessiya çərçivəsində əlverişsiz mənzil şəraitində yaşayan 3 milyard insanla dünya üzrə qərar qəbul edən şəxslər arasında mühüm əlaqələndirici platformaya çevrilməsi məqsədilə International Urban Planning Forum - Beynəlxalq Şəhərsalma Mütəxəssisləri Forumunun rəsmi açılışı baş tutub.

Tədbirdə Rolf Şuett - Beynəlxalq Şəhərsalma Mütəxəssisləri Forumunun (International Urban Planning Forum/ IUPF) direktorlar şurasının sədri çıxış edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31