İşə, məktəbə və xəstəxanaya daha az vaxtda çatmaq əsas hədəfdir - Rəşad Nəbiyev

Qərarvermə prosesində isə əsas ölçü vahidi maliyyə deyil, vaxtdır. Yəni "bir manatın geri dönüşü" şəhər sakinlərinin qazandığı və ya itirdiyi dəqiqələrlə ölçülür: işə, məktəbə və xəstəxanaya daha az vaxtda çatmaq əsas göstəricidir.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir xüsusilə vurğulayıb ki, bu yanaşmanı dəstəkləmək üçün Bakı şəhərinin "rəqəmsal əkizi" ("digital twin") yaradılıb:

"Mobil operatorlardan, kommunal xidmətlərdən, nəqliyyat axınlarından və sorğulardan toplanan təxminən 10 milyard məlumat nöqtəsi əsasında şəhər modelləşdirilib. Bu sistem yeni avtobus zolaqlarının, svetoforların və velosiped xətlərinin harada qurulacağını daha dəqiq planlaşdırmağa imkan verir".

R.Nəbiyev əlavə edib ki, nəticələr artıq özünü göstərməyə başlayıb:

"Şəhər daxilində avtomobil və taksi ilə edilən səfərlərin payı 50%-dən 40%-ə düşüb və hədəf 2030-cu ilə qədər bu rəqəmi 30%-ə endirməkdir. Eyni zamanda yol-nəqliyyat qəzaları nəticəsində ölüm halları 100 min nəfərə düşən 9-dan 7-yə enib və 2030-cu ilə qədər 4-ə endirilməsi planlaşdırılır".

Nazir əlavə edib ki, bütün bu strategiyanın mərkəzində "20 dəqiqəlik şəhər" konsepti dayanır - yəni vətəndaşların əsas xidmətlərə 20 dəqiqə ərzində çatdığı şəhər modeli.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31