Türk Mədəniyyəti və İrsi Fondu WUF13 Çərçivəsində ənənəvi türk evlərinin memarlıq irsini təqdim edib
13:13 Sosial18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "İrsdən Dayanıqlılığa: Türk Evləri" adlı panel sessiyası təşkil olunub.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açılış nitqində Bakıda belə nüfuzlu bir tədbirin keçirilməsinin vacibliyini xüsusi vurğulayaraq qeyd edib ki, bu Forum hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platformadır. Aktotı Raimkulova bildirib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətə uyğunlaşma və icma əsaslı yaşam mədəniyyətinin təcəssümüdür. O qeyd edib ki, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.
Fondun prezidenti çıxışının sonunda belə mühüm beynəlxalq tədbir çərçivəsində paneli təşkil etmək imkanı yaratdıqlarına görə Azərbaycan Respublikası Hökumətinə, Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə, Dünya Şəhərsalma Forumunun təşkilatçılarına və bütün tərəfdaş qurumlara dərin təşəkkürünü bildirib.
Paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri geniş müzakirə olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə davam edən Sessiyada Memar Sənan Təsviri incəsənət Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Prof. Oğuz Ceylan, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyə sədri Əhməd Metin Gənc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin təcrübələrini bölüşüblər.
Panelin yekununda türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənib.